“Nikoil bank”ın vəzifəli əməkdaşları həbs olundu

“Nikoil bank”ın vəzifəli əməkdaşları həbs olundu

14-02-2019 13:11 / Bu xəbər 1186 dəfə oxundu

"Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub.

Rəsmi xəbərə görə, sözügedən şəxslər heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək alıblar.

Həmçinin, vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Qeyd edilən vəzifəli şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. 

Oxu.az