Nizamidə binaların qabağını kim satıb: “Nəfəsimizi kəsdilər…” – FOTOLAR

Nizamidə binaların qabağını kim satıb: “Nəfəsimizi kəsdilər…” – FOTOLAR

30-06-2018 16:06 / Bu xəbər 1901 dəfə oxundu

Fəttah Heydərovun köməkçisi ilə bağlı daha bir iddia var...

"Bakının Nizami rayonunda daşı daş üstə qoymurlar. Rayonun Qara Qarayev prospektində yol üstündəki bütün səkilər, yaşıllıqlar satılandan sonra ara yollara keçiblər".

Bunu sakinlər azeuronews.com-a deyiblər.

Onların sözlərinə görə, hazırda yaşayış binalarının qarşısını yeni tikintilər kəsməkdədir: "Bu da sakinlərin olan-qalan havasını da boğub. Məsələn, Bəhruz Nuriyev küçəsində binaların önü satılıb. Metronun "Neftçilər” stansiyasından "8-ci kilometr” bazarına doğru gedən yolun sağındakı binaların qarşısı tam mühasirədədir".

Evinin balkonundan çıxıb təmiz hava udmaq istəyənlər əvəzində həmin tikintiləri görürlər: "Nəfəsimizi də kəsdilər…”

"Bütün "Neftçilər” metrosunun ətrafını qarış-qarış sataraq iş adamlarına həvalə ediblər. Onlar da bir ucdan kafe, geyim, parfumeriya və s. mağazalar açaraq heç nə olmamış kimi fəaliyyət göstərirlər. Hazırda "Vosmoy” bazarı ilə üzbəüz, parka düşən yolda da ərazi hasarlanıb və tikinti aparılmağa hazırlıq gedir. Eləcə də metronun çıxışındakı səkilər peşkəş olunub", - sakinlər bildiriblər.

Metrodan çıxarkən piyadalar üçün bir cığır qaldığını görəcəksiniz. Səkinin tən ortasında obyektlər, dükanlar açılıb: "Əslində, Bakının Xətai, Binəqədi, Nəsimi və digər rayonlarında da özbaşınalıqlar var. Amma Nizami rayonunda olduğu kimi, səkiləri, metroların üstünü də satmayıblar".

Sakinlər deyiblər ki, Q.Qarayevin başdan-ayağa metrə-metrə satılmasında və obyektlərə sahiblənməsində Ramin Babayev adlı biznesmenin adı çəkilir.

Bu şəxsin isə Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun köməkçisi olduğu deyilir. 

"Ramin Babayevin metronun "Neftçilər” stansiyası yaxınlığındakı "Ledi Şarm” və "Romantik” və onlarla belə mağazalarının sahibi olduğu deyilir. Nizami rayon icra başçısı Arif Qasımovla Ramin Babayev həmyerlidirlər. İcra başçısı ilə iş adamı əslən Naxçıvanın Şərur rayonundandırlar", - məlumatda qeyd olunur.
 
Nizami Rayon İcra Hakimiyyəti və deputat vətəndaşların şikayətinə münasibət bildirməyib.