"Nuray olayı ölkədə zorun legitimləşməsinin göstəricisidir" - Əli Kərimli

07-01-2017 18:19 / Bu xəbər 1413 dəfə oxundu

Qubada 10 yaşlı Nuraya "qanun keşikçilərinin” gözü qarşısında və onların iştirakı ilə fiziki zorakılıq olayı ölkədə zorun legitimləşməsinin göstəricisidir.

AXCP sədri Əli Kərimli Qubadakı olayla bağlı şərhində belə qeyd edib.

"10 yaşlı Nuraya "qanun keşikçilərinin” gözü qarşısında və onların iştirakı ilə fiziki zorakılıq hamımızı həyәcanlandırıb. Bu dəhşətli səhnə ölkədə zorun legitimləşməsinin göstəricisidir. Hər kəs gücü çatana zor tətbiq edir”, - AXCP sədri qeyd edib.

O vurğulayıb ki, zorakılıq bütün sahələri sarıb.

"Əsgərlikdə övladlarımız daha güclülər tərəfindən zorakılığa məruz qalır. Həbsxana və polis idarələrində isə zorakılıq, işgəncə adi haldır. Avropa Məhkəməsi dövlət orqanlarında işgəncə halları ilə bağlı onlarla qərar verib, işgəncə faktlarını təsdiq edib, lakin Azərbaycan hakimiyyəti işgəncə verənlərin birini də cəzalandırmayıb”, - siyasətçi vurğulayıb.

Əli Kərimli əlavə edib ki, hakimiyyət hər zaman işgəncə verənin, güc tətbiq edənin yanındadır.

"Çünki ən böyük zorakılığı hakimiyyətin özü edir. Güclünün "hüququ” tanınan, cəngəllik qanunlarının legitimləşdiyi ölkədə isə 10 yaşlı uşaqlar da zorakılıq qurbanı ola bilir. Ölkədə köklü dəyişiklik etmək lazımdır”, - Əli Kərimli bildirib.

2009-cu ildə Quba Rayon Məhkəməsi 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarovadan alınaraq atası Əvəz Bayramzadəyə verilməsi haqda qərar qəbul edib. Qarşı tərəf Apelyasiya və Ali Məhkəməyə şikayət etsə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bu ilin dekbarında qərarın icrası zamanı rayon məhkəmə icraçıları atası ilə getmək istəməyən 10 yaşlı N.Bayramazadəyə və xalası M.Eldarovaya zor tətbiq ediblər. Bu zorakılıqla bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

Həmin zorakılıq görüntüləri ciddi ictimai rezonans doğurub.