"Nurlana Əliyeva Azərbaycan vətəndaşları arasında fərq qoymur"

20-05-2019 15:49 / Bu xəbər 1521 dəfə oxundu

Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyevanın müxalifətçiləri təhqir etməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, BSU tələbələri ilə görüşündə rektor deyib: "Harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə". 

BSU-nun mətbuat xidməti isə məlumatı təkzib edib.

Universitetdən report.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir. Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir. Görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım-professorun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir". 

Açıqlamada bildirilir ki, Nurlana Əliyeva haqqında deyilən fikirlər böhtandır.

Həmçinin qeyd edib ki, N.Əliyeva indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb: "Əslində, Nurlana Əliyevanın BSU-ya gəldiyi ilk gündən məqsədi gənclərin patiotizm, milli-vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan xalqının tarixi ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının, bütövlükdə mənəvi dəyərlərinin gənclərə ötürülməsi olub. Qapısı hər zaman insanların üzünə açıq olan rektor hər bir insanla səmimi dialoqa girəndə, tələbələrə bir ağbirçək ana kimi öyüd-nəsihət verəndə ilk növbədə əxlaq və etik normalar, milli –mənəvi dəyərlər prizmasından çıxış edir. Təbii ki, belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin siyasi baxışlarına, ideoloji düşüncəsinə görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər və böhtandan başqa bır şey ola bilməz".

"Fikrimizcə, bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir”, - deyə açıqlamada vurğulanır.

Nərgiz Absalamova