Növbəti məhkum

Növbəti məhkum

19-02-2017 01:46 / Bu xəbər 1681 dəfə oxundu

Nigar Cəfərova
 
Kənardan baxanda onun başının üstündə düşmən, ya da yox, elə qoluzorlu cəllad görürəm. Sonra iri bəbəklərimi böyüdüb təzədən baxıram. Anlayıram ki, onların hamısını – bizim gənclərin çoxunu boğan düşmən deyil, elə ən doğma, ən yaxınlarıdır - valideynləridir. 

Artıq qorxmağa başladım. İndi tutub məni də boğmağa başlayacaqlar ki, sən valideyni düşmən hesab edirsən? Deməli, nadan övladsan. Yox, vallah. İndiyəcən valideynlərim nadanlığımı görməyiblər. Çünki özüm-özümü boğuram zatən.

Əgər məni də övladlarınız kimi edama məhkum etməyəcəksinizsə, icazə verin bir-iki kəlmə danışım. Görürəm qızın 17 yaşı var, ana fəxrlə danışır ki, sabah elçi gələcək. Sonra başlanır cehiz tərifi. Bəh-bəh... Mesajın biri bir meqabaytdan... 

Qız da özü ilə fəxr edir, profilinə üzük şəkli qoyub rəfiqələrinə nümayiş etdirir. Amma təkcə vatsapına. Axı feysbuk, instagram və s. sosial şəbəkələrdən istifadə etməyə nişanlısı icazə vermir. 

"Tərbiyənə qurban”, - qayınana deyir. 

Bəli, hələ: "Sənə tərbiyə verənə lənət”,- sözlərinə hələ vaxt çatmayıb. Hər şey yaxşıdır hələlik.

Yaxud gəlir universitetə qəbul prosesi. Bəh-bəh. Hazırlığın biri bir yüzlükdən. Ən kreativ fikir qızın valideyninə məxsus olur bu ərəfədə: "Hə, bizimki də hazırlaşır, şəhərin ən yaxşı müəllimlərini tapmışıq onun üçün. Deyirəm qəbul ol universitetə, 4 ildən sonra toyunu edək sağ-salamat. Əsas odur diplomu olsun. Atası ölməyib ki. Kəsrlərini-falan pulla həll edəcək onsuz da. Bircə qəbul olsun o xarabaya”. 

Vəssalam...

Universitet həyatı da başa çatır. Diplom artıq alınıb. İndi tələbə gözləyir ki, imkan tapan kimi xaricdə təhsil almağa yollansın. Amma nə eşidir: "Utanmır o, nə xaric, nə təhsil? Buranı yarıtdı, qaldı ora. Otursun evində-eşiyində”.

Toy... Gəlinlə bəyin tanımadığı bığıburma kişilər, onların qır-qızıllı xanımları, vəzifəli adama ərə getmiş qızları, bərkgedən oğulları - hamısı toya dəvət alır. Zatən, onlar özləri də bir-birini hələ qarşıda tanımalı olacaqlar. 

Tərifin biri yüz dollardan olmaqla toy başa çatır və əlləri bir-birinə bağlı iki gənc vağzalı sədaları altında məclisi tərk edir. 

Hakimlərin qərarı belədir. 

Hakimlərin qərarına qarşı çıxan vəkillər belə edama məhkum edilə bilər...
 
Toplum.Tv