''Növbəti qiymət artımı nəqliyyat sistemində ola bilər''

''Növbəti qiymət artımı nəqliyyat sistemində ola bilər''

19-11-2017 01:42 / Bu xəbər 216 dəfə oxundu

Samir Əliyev: ''Avtomobil bazarında aşağı oktanlı benzin və dizellə işləyən maşınlar bahalaşacaq''

Noyabrın 17-də xaricdən idxal edilən "Aİ-95" premium və "Aİ-98” super markalı benzinin qiyməti artdı. İndi "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25, "Aİ-98” super markalı benzinin qiyməti 1,50 manatdır.

Bu, artıq son 4 ayda üçüncü qiymət artımıdır. Bundan əvvəl iyulun 15-də "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edildi, həmin vaxta qədər "Aİ-92" 70 qəpik idi.

Sentyabrın 5-də isə "A-98 Super" benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəldi.

"Report"a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir. 

Qeyd olunur ki, "Aİ-95" və "Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

"Elə buna görədir ki, qiymət artımı respublikada istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Bütün bunlar bir yana, "Aİ-95" premium markalı və "Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir”, - mənbə deyir.

Bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.

Artımı digər ölkələrdəki qiymətlərlə müqayisə edən "Report”-un yazdığından belə anlaşılır ki, Azərbaycanda qiymətlər hələ ucuzdur:

"Rusiyada "Aİ-95” markalı benzinin topdansatış qiyməti 1,7%, "Aİ-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti 0,74 dollardır. Ukraynada benzinin bu növünün qiyməti ölkəmizlə müqayisədə 0,31 dollar baha - 1,05 dollardır. "Aİ-95" premium markalı qonşu Gürcüstanda isə 0,86 dollara, başqa sözlə desək, Azərbaycanla müqayisədə 0,12 dollar baha satılır. "Aİ-95" premium markalı benzinin qiyməti Türkiyədə 1,45 dollara, respublikamızla müqayisədə 0,71 dollar baha satılır. Ermənistanda isə "Aİ-95" premium markalı benzin 0,85 dollara, Azərbaycanla müqayisədə 0,11 dollar baha satılır.

"Aİ-98” super markalı benzinin qiyməti 0,88 dollar olduğu halda qonşu Gürcüstanda yanacağın bu növünün qiyməti 0,89 dollar, ölkəmizlə müqayisədə 0,01 dollar bahadır. "Aİ-98” super markalı benzin Türkiyədə Azərbaycandan 0,57 dollar baha, başqa sözlə desək, 1,45 dollara satılır. Bu markalı benzin Ermənistanda da, ölkəmizlə müqayisədə 0,01 dollar bahadır. Ukraynada da "Aİ-98” super markalı benzinin qiyməti Azərbaycandan 0,29 dollar baha - 1,17 dollara satılır”.

Hakimiyyətyönümlü sayt müqayisədən belə nəticə çıxarır ki, respublikada xaricdən idxal edilən "Aİ-95" premium markalı və "Aİ-98” super markalı benzinin qiymətindəki artım qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.

İqtisadçı Nemət Əliyev isə "Facebook” səhifəsində yazıb ki, benzinin bahalaşması insanların sosial vəziyyətinə zərbə olacaq.

Onun sözlərinə görə, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin gələn il artırılması haqqında rəsmilərin açıqlamasını ciddiyə almağa ehtiyac yoxdur:

"Ölçüsü bir şey olmasa da, həmin artımlarından əlinizi üzün! Başladılmış bu cür bahalaşma o cüzi artımların izini də yox edəcək. Hökumət bu dəfə də çevik tərpəndi, şərait yaratdı, zəmin hazırladı, təkan verdi növbəti bahalaşmaya. Bu bahalaşma səviyyəsini növbəti ilə anons kimi də qəbul etmək olar. Kəmərləri bir az da sıxmaq lazım gələcək”.

İqtisadçı Samir Əliyev Meydan TV-yə deyib ki, Azərbaycanda yanacaq qiymətləri bir sıra istisnalarla dövlət tərəfindən tənzimlənir:

"Son vaxtlara qədər "Aİ-95" markalı benzin də bu sıraya daxil idi. Amma sonradan SOCAR-ın "Neftayırma” Zavodunun təmirə başlaması ilə bağlı "Aİ-95" markalı benzinin də idxalı qərarı verildi və qiymət sərbəstləşdirildi, dövlət tərəfindən tənzimləndirilməsi ləğv olundu. Qısa desək, hazırda "Aİ-95" və "Ai-98” markalı benzinlər bazar tərəfindən tənzimlənir. Hüquqi baxımdan vəziyyət belədir. Ancaq əhalinin sosial durumuna birbaşa təsir göstərdiyindən dövlət tərəfindən tənzimlənən və strateji sayılan məhsullar var - qaz, işıq, su və yanacaq. Əslində, hökumətin vəzifəsi fiskal alətlərdən və vergi-gömrük üsullarından istifadə etməklə qiymətləri bazara uyğunlaşdırmaqdır. Yəni dünya bazarında yanacağın qiyməti qalxsa da, məhsulun Azərbaycandakı əhəmiyyətini nəzərə alaraq vergi-gömrük rüsumu tətbiq etməklə tənzimləyə bilər. Hansı ki, hökumət bir neçə dəfə bu mexanizmdən istifadə edib. Konkret olaraq, "Aİ-95" markalı benzinlə belə tənzinləmə olub, müvəqqəti olsa da, rüsumu aradan qaldırıb. Bu mənada hökumət indi də qiymətləri tənzimləməlidir.

Samir Əliyev "Aİ-95" və "Aİ-98” markalı benzinlərin qiymətlərinin artmasının bazara təsir etməyəcəyi barədə fikirləri qəbul etmir:

"Guya istifadə edilən aşağı oktanlı "Aİ-92” benzindir, halbuki, oxşar açıqlama bu yanacağın qiyməti artırılanda da verilmişdi. Hər qiymət artımında bunların nəqliyyat sisteminə, iqtisadi-sosial həyata heç bir təsirinin olmadığı qeyd olunur. Problem ondadır ki, hazırda hökumətin qarşısında dayanan birinci vəzifə inflyasiya, qiymət artımıdır. Mərkəzi Bank inflyasiyanı cilovlama üçün müxtəlif mexanizmlərlə pul kütləsini sıxır. Ölkə iqtisadiyyatı həssas vəziyyətdə olduğundan istənilən qiymət artımı zəncirvari reaksiya şəklində bütün sahələrə təsir edir. Ona görə 17 noyabrda "Aİ-95" və "Aİ-98” markalı benzinlərin qiymətlərinin artması yalnız nəqliyyatda deyil, digər sahələrdə də özünü göstərəcək və bazarın konyukturasında müəyyən dəyişiklik edəcək. Məsələn, avtomobil bazarında aşağı oktanlı benzin və dizellə işləyən maşınlar bahalaşacaq. Amma qiymət artımı bununla dayanmayacaq, dövlət tərəfindən tənzimlənın digər sahələrdə qiymət artımını ilin sonuna qədər gözləmək olar. Mövcud tariflərlə sərnişin daşıması və metropoliten normal işləyə bilməz. Bu mənada növbəti qiymət artımını nəqliyyat sisteminədə gözləyirəm, digər sahələrdə istisna etmirəm”.