O, dünyasını dəyişdi, ölmədi! - Elnaz Eyvaz

O, dünyasını dəyişdi, ölmədi! - Elnaz Eyvaz

30-03-2016 22:55 / Bu xəbər 3236 dəfə oxundu

Elnaz Eyvaz

Bu Adam mənim babam! Atam kimi Adam yetişdirən Adam! Dili dualı, əli kitablı babam! Ömür boyu zülümlə, zəhmətlə, halal yaşadı, doğru-dürüst, yalansız olmağı atam ondan, mən atamdan öyrəndim. Uzun sözün qısası, O, dünyasını dəyişdi, amma ölmədi! Özünü bizə köçürüb getdi...

Riyazi qanunauyğunluğa görə, ömrünü bizdən öncə başa vurmalı idi. Elə də oldu. 

Biz onun başına yığışardıq – oğul-uşaq, nəvə-nəticə. İlk nəvəsi olmaq xoşbəxtliyi mənə nəsib olub. İlk nəticəni də mən ona bəxş eləmişəm. Nəvələrindən acı çəkməyi də ilk mən daddırmışam. 

O, təkcə bizim yox, bir kəndin ağsaqqalı, böyüyü idi. 

Babam 90-ı haqladı. Bu yaşa qədər yaşayan adamlar dünyasını dəyişəndə onun üçün, demək olar, ağlamır, "təki ölənlər o yaşda ölsün,” – deyirlər, deyilmi? Babam üçün bu sözü deyənlərdən küsdüm. Axı, əslində, O heç ölmədi. Sadəcə evini dəyişdi. Həyətində min bir əziyyətlə, dişi-dırnağı ilə tikdiyi hündür evinə rəğmən, qarısı ilə yaşadığı balaca kərpic evindən köçdü. Baxmayaraq ki, oranı hər yerdən rahat bildiyi üçün oğul-uşağın sözünə baxmayıb, orda yaşayırdı. Yayda sərin, qışda isti olan komasında. Və bizi də orda başına top edərdi. 

Atamın atası, atamı böyüdən, ona nümunə olan Adam. Babama bir ömür boyu borcum var: atama görə! 

Babamın yasından sonra işə çıxdım. Qəmgin, fikirli dayanıb pəncərədən həyətə baxırdım. Həyat davam edir, adamlar yaşamaq uğrunda qaçhaqaçdadır. Həmkarım soruşur ki, nə olub, niyə kefin yoxdur? 

Dərhal cavab vermirəm. Nə olub, nə nə olub?  Və cavab veririəm:
- Babam ölüb! 
O utanır sualından. 
Gözlərindən oxuyuram: ölənlər o yaşda ölsün. Küsürəm özlüyümdə. 

Ölüm yaşa baxmır. Babam yaşda, yoxsa mən yaşda. Adam var ki, öləndən sonra da yaşadığından, adam da var elə yaşayanda öldüyündən xəbəri olmur. Babam birincilərdəndir.. 
O yaşa qədər yaşamaq hər adama nəsib olmur, təbii. O yaşa qədər Adam olmaq, Adam ömrü yaşamaq da həmçinin.

Ömür boyu qapısından içəri haram tikə keçirmədi. Beş oğul, üç qız böyütdü. Çətinliklə, zəhmətlə, ancaq  harama əl atmadı. Halallıqla böyütdükləri də özü kimi oldular. 
Yalansız yaşadı, dürüst oldu, hamı onu elə tanıdı. Dürüst, zəhmətkeş, halal Adam. Kişi adam! 

Yaltaqlanmadı,  əyilmədi, başını da dik tutdu, qamətini də, alnı da açıq oldu, süfrəsi də.
Ağzına gələni danışmadı, ağlına gələni həyata keçirdi, ağıllı-ağıllı. Beləcə, ölməməyi tərci etdi. 
Babam üçün: "Ölənlər o yaşda ölsün,” – deyənlər, o yaşa qədər yaşamaq olar da, olmaz da, amma baxır yaşamağa.

Biz onun üçün ağladıq, o yaşda adam üçün ağlamaqdan utanmadıq, çəkinmədik, "günahdır, Allaha acıq gedər,” –  demədik, öldü deyə, deyil, nə vaxt görüşəcəyimizi bilmirik deyə, səfəri uzun çəkəcək deyə, onsuz darıxcağıq deyə ağladıq. Bayramda-seyranda başına yığışmağa, xeyir-dua almağa ağsaqqalımız mənzilini dəyişdi deyə ağladıq.

Biz həm də öz halımıza ağladıq. O yalançıların, etibarsızların, ləyaqətini qəpik-quruşa satanların, kəsdiyi çörəyi ayaqları altına alanların dünyasından köçüb getdi, biz qaldıq. O, azadlıqdan məhrum olanların dünyasından köçüb azadlığına qovuşdu. 

Huzurun mübarək, gözəl babam!