"O, heç bir cinayət törətməyib" - Əli Kərimli

24-07-2017 19:21 / Bu xəbər 1192 dəfə oxundu

Bu gün, iyulun 24-də Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək Əmirli barədə bəraət hökmünün çıxarılmasını istəyiblər. Amma hakim vəsatəti təmin etməyib. Məhkəmənin hökmü ilə F. Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 39 min manat cərimə cəzasına məhkum edilib.

Əli Kərimli: "Bu qərar saxta bir cinayət işi əsasında verilmiş qərardır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri  Əli Kərimli Toplum Tv-yə açıqlamasında məhkəmənin qərarını partiyaya qarşı yönəlmiş təzyiqin tərkib hissəsi hesab edib: "Bu qərar saxta bir cinayət işi əsasında verilmiş qərardır. Faiq Əmirli siyasi sifariş əsasında həbs olundu. Məqsəd "Azadlıq” qəzetinin çapına mane olmaq idi. AXCP fuksionerlərini Fətullah Gülənin hizmət hərəkatı ilə əlaqələndirib kütləvi həbslər həyata keçirmək istədilər. Fuad Əhmədli ilə birlikdə Faiq Əmirli həbs olunmuşdu. Hər iki şəxs AXCP-yə qarşı kampaniyanın qurbanlarıdır. Faiq Əmirli heç bir cinayət törətməyib. Məhkəmə prosesində aydın şəkildə göründü ki, o, heç bir cinayət törətmədiyi halda şərlənərək həbs olunub”.

Anar Məmmədli: "Siyasi sifarişli həbsdir”
Image result for Anar Məmmədli
Hüquq müdafiəçisi Anar Məmmədli də hökmün siyasi sifarişli olduğunu qeyd edib: "Bu prosesi yaxından izləmişəm. Bu məsələ ilə bağlı münasibətim odur ki, bu həbs tamamilə siyasi sifarişli həbsdir. "Azadlıq” qəzeti ölkədə müstəqil media orqanlarından biri idi. Həm də bəllidir ki,  müxalif fikirli insanlara qarşı müxtəlif formalarda təzyiqlər olur. Faiq Əmirlinin həbsi də məhz "Azadlıq” qəzetinin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Qəzetin digər əməkdaşları ölkəni tərk etməyə məcbur oldu. Faiq Əmirli heç bir cinayət törətməyib. Hətta cinayət etmiş olsa belə, ittiham olunan maddələr heç bir əsas vermir ki, "Azadlıq” qəzetinin fəliyyəti dayandırılsın. Göründüyü kimi, burada niyyət qəzetin fəaliyyətini dayandırmaq idi. Bunun üçün də kimlərisə təqib edərək, həbs edərək bu media orqanını susdurmaq olub. Təəssüf doğuran hadisədir. Azərbaycanda siyasi məhbusların sırasına yeni bir şəxs əlavə olundu və qanunsuz olara azadlığını itirdi”. 

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsdetmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ittihamlar irəli sürülüb.

F.Əmirliyə verilən bəzi ittihamlar məhkəməsiöncəsi geri götürülüb. O, indi CM-in 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

F.Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı dayanıb və qəzetin bəzi əməkdaşları prokurorluğa çağırılaraq ifadə veriblər.

Alya Ağayeva 
Toplum.Tv