''O, necə millət vəkilidir ki, mənim övladımı ac qoyub?''

''O, necə millət vəkilidir ki, mənim övladımı ac qoyub?''

12-02-2019 11:44 / Bu xəbər 1396 dəfə oxundu

Qarabağ əlilləri şikayətləndikləri məmurların fotolarını boyunlarından asıb etiraz ediblər. 

Onlar döyüş yoldaşları olan Məhəmmədəli Hacıyevə dəstək üçün onun Xətai Prospektində sökülən obyektinin önünə toplaşıblar.

"Tikilməkdə olan bu binanın yerində 232 kvadrat metr yerimiz olub. Cənab prezidentimizin də verdiyi fərman belədir ki, kiminsə yerini uçurarsan, əlindən alarsansa, 20 faiz də əlavə ödəməlisən. 278 kvadrat yer edir. Bizə 40-50 kvadrat metrə pul təklif elədilər. Razılaşmadıq. Səhər gəldik ki, dükanımızı yerlə yeksan ediblər. İçindən seyf, nisyə dəftəri, inşaat mallarını yox elədilər”, - Məhəmmədəli Hacıyev deyib.

Hadisədən sonra Məhəmmədəli Hacıyev və şərikli işlədiyi Tahir Bayramov polisə, məhkəməyə müraciət edib. Söküntüdən əvvəl Nərimanov Rayon Məhkəməsi ərazini tikinti şirkəti "Poleks” MMC-yə qadağan etsə də, sonrakı olanlarla bağlı yekun qərar verilməyib.

"O, necə millət vəkilidir ki, mənim balamı ac qoyub? Əsabil Qasımov bura gəlməlidir. Yoxsa mən özümü yandıracam,”- Məhəmmədəli Qasımov iddia edir ki, ərazidə bina tikən "Poleks” MMC deputat Əsabil Qasımov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun şərikli malıdır. O, özünü və avtomobilini yandırmağa cəhd edərək, adı çəkilən məmurların əraziyə gəlməsini tələb edib. Az sonra hadisə yerinə gələn icra başçısının müavini Şahmar İbadov ona qarşı səsləndirilən ittihamları rədd edib:

"Mən dövlət məmuruyam. Heç bir biznesim yoxdur”.

"Poleks” MMC-nin qanuni təmsilçisi Şahin Qasımov deyib ki, şikayətçilərin mülkiyyətini onlar istəyərək sökməyib.
- Yük maşını dəyib, qəza olub. Bu barədə istintaq materialları da var
- Qəza olmuşdusa, saxlayardınız, gəlib uçulan obyektlərinə baxardılar. İçindən əşyalarını götürərdilər
- Ordaydılar da. Razılaşdıq, sonra fikirlərini dəyişdilər”.

Şirkət iddiaçılara tikiləcək olan binadan mənzil təklif edir. Şikayətçilər isə deyir ki, onların mənzilə yox, işləyib çörək pullarını çıxaracaq obyektə ehtiyacları var: "Şahmar İbadov mənə deyir ki, sənə 18-ci mərtəbədən bir ev verəcəm, dənizə panorama ilə baxacaqsan. Mən neynirəm panoramı? Mənim uşaqlarım acdır”.

Bütün günü inşaat yerində olan şikayətçilər sabah yenidən şirkət təmsilçiləri ilə görüşə gəlməlidirlər.///Meydan.Tv