“O, Vidadi Bərdəlinin oğlu deyil” - FOTO

“O, Vidadi Bərdəlinin oğlu deyil” - FOTO

19-03-2016 14:33 / Bu xəbər 896 dəfə oxundu

Bir neçə gün əvvəl mətbuatda yayımlanan xəbərlərdə mərhum müğənni Vidadi Bərdəlinin oğlunun Bərdə rayonunda qətl törətməsi Bakıda yaşayan ailə üzvlərinin narazılığına səbəb olub.

Mətbuata açıqlama verən mərhum müğənninin qardaşı oğlu, müğənni Tuncay Vidadi bildirib ki, qətl törədən Tural Allahverdiyevin onların ailəsinə heç bir aidiyyatı yoxdur və həmin şəxs Vidadi Bərdəlinin oğlu deyil:

"Həmin şəxsin soyadından aydın olur ki, onun ailəmizə aidiyyatı yoxdur: Tural Allahverdiyev. O, Vidadi Bərdəlinin oğlu deyil, ola da bilməz! Məlum olduğu kimi, soyadımız Vəliyevdir. Bununla şou yaratmaq xatirinə bu cür əsassız söz-söhbətlər yayımlanır”.

T.Vidadi, Vidadi Bərdəlinin vəfatından sonra onun içkidən ölməsi haqqında danışılan söz-söhbətlərə də aydınlıq gətirib: 

"Vidadi Bərdəlinin adına bu cür mənasız, heç bir əsası olmayan şayiələri yaymaqla ləkə gətirmək istəyən bu kimi xoşagəlməz fikirlər paxılların, cahillərin işidir. Heç vaxt da onun adına nə isə deməyə gücləri çatmayacaq! Çünki Vidadi Bərdəli xalqın gözündə sevilən və seçilən sənətçilərdən olub. O ölməyib, onu biz yaşadırıq! Mən əmimlə hər zaman fəxr edirəm. Allah rəhmət eləsin!”

Əmisinin sənətini davam etdirdiyini deyən T.Vidadi, onu Vidadi Bərdəlinin oğlu olması məsələsinə də toxunub. O, qeyd edib ki, bu, bilərəkdən kimlərinsə bəd niyyətlə atdığı addımdır:

"Təəssüf ki, əmim Vidadi Bərdəlini vaxtsız itirdik. 2012-ci il noyabrın 30-u vəfat edən əmimi Məhərrəmlik ayının 7-i azan səslənən zaman dəfn etdik. Həmin gün bizim üçün ağır idi. Hamımız şokda idik, matəm içindəydik. Aramızdan çox tez getdi. Əmimin vəfatından sonra bir çox tədbirlərə, televiziya verilişlərinə dəvət aldım. Onun adını əbədiləşdirmək üçün mahnılarını ifa edib, xalqın qarşısına keçdim. İnsanların əksəriyyəti məni Vidadi Bərdəlinin oğlu bilirdi. Əslində isə Vidadi Bərdəlinin böyük qardaşı Vaqif Vəliyevin oğluyam. Lakin bəzi insanlar var ki, hansısa marağa görə bilərəkdən məni onun oğlu kimi təqdim edirlər. Bu, sosial şəbəkələrdə də böyük ajiotajla müzakira olunub. Vidadi Bərdəli doğma əmimdir, ata yarımdır. Gözümü açandan onun yanında olmuşam. Sənətindən bəhrələnmişəm və bir çox el şənliklərində birlikdə iştirak etmişik. Vidadi Bərdəlinin sağlığında öz adını mənə şərəflə daşıyacağımı və sənətinin davamçısı olacağımı düşünərək Tuncay Vidadi Bərdəli adını verib, o cümlədən də sənətini davam etdirəcəyini istəyib. Əmimin vəfatından sonra onun arzusunu yerinə yetirməyə və layiqincə adını yaşatmağa çalışıram.

Ailəmizdə Vidadi Bərdəlinin sənətinin davamçısı yetərincədir. Əsasən onun mahnılarını tədbirlərdə, verilişlərdə mən səsləndirirəm”.

Məlumat üçün bildirək ki, ifaçılıq sənətiylə 10 ildir məşğul olan Tuncay Vidadi Bərdə rayonunda ziyalı, musiqiçi ailəsində dünyaya göz açıb. Daha sonra Bakı şəhərinə köçərək, burada ali təhsil alıb.

Arqument.Az