Obyektləri sökülən sumqayıtlılar prezidentə müraciət etdi

Obyektləri sökülən sumqayıtlılar prezidentə müraciət etdi

09-01-2019 16:34 / Bu xəbər 334 dəfə oxundu

Sumqayıtlı sahibkarlar keçmiş iş yerlərinin - sökülmüş obyektlərinin qarşısında dayanıblar.

2017-ci ilin mayında Şərq bazarını və ona bitişik 66 sahibkarın obyektini "şəhərin imicinə xələl gətirir",- deyib söküblər.

"Zəmanət məktubuna əsasən mağazalarımızı boşaltdıq. Məktubda da qeyd olunur ki, sizin mağazalarınız tikilib yenidən özünüzə qaytarılacaq", - Yusif Məmmədov deyir.

Söküntüdə və yeni ticarət mərkəzinin tikintisində Sumqayıt Şəhər İcra Hakimiyyəti məsul olsa da, iki ildir ondan səs-soraq yoxdur. Ticarətçilərin bu obyektləri 1994-cü ildə sahibkarlığa kömək məqsədilə tikilib. Sonradan onlar mülkiyyətçiyə də çevrilib.

"Yaşlı adamlarıq, banklara borcumuz var. Olan-qalan pulumuzu da banklara ödəmişik. Hələ də borcumuz qalır. Heç bir yerdə də bizə iş vermirlər. Hara gedirik deyirlər, qocasan. Gedirik pensiya almaq üçün deyirlər, cavansan hələ. Başa düşə bilmirik. Pensiya idarəsi deyir cavansan, iş yerləri deyir qocasan. Bəs biz ailəmizi nə ilə dolandırmalıyıq?", - deyə Səyamir Cabbarov sual edir.

Şikayətçilər obyektlərin, avadanlıqların viran qaldığı bu ərazidə çox durmayıb şikayətə Prezident Administrasiyasına yollanırlar. Bu, onların administrasiyaya ilk gedişləri deyil, amma yenə də ümidlərini itirməyiblər.

Zəmanət məktubunda qeyd olunan yeni ticarət mərkəzininsə nə vaxt tikiləcəyi bəlli deyil.

"İcra hakimiyyəti tərəfindən yox, sahibkarlar tərəfindən tikiləcək. Kimin tərəfindən tikiləcəksə qanuni sənədləri olanlar yerlə təmin olunacaqlar", - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti Eyvaz Qocayev belə deyir.

Əllərində dövlət reyestrindən çıxarışları olan sahibkarlarsa tək gəlir yeri olan obyektlərinə qovuşacaqları günü gözləyirlər.

meydan.tv