"Olmalıydı, olmadı"...

25-02-2019 11:47 / Bu xəbər 1634 dəfə oxundu

Aydın Canıyev

Peyğəmbər İsasını çarmıxa çəkdirən Allahın siyasətçi İsasını qorumasına sözardı

Bilmirdim bu gündür ad günü. Yaşını da bilmirəm – statistik məlumatların önəmi yox bu sima üçün: artıq tarixi persona. Haqqında bilib yazılarımda yazmadığım hamının bildiyidir: ən gənc spikerimiz. Əlbəttə ki, bu onun yeganə üstün keyfiyyəti deyil. Heç Zori Balayana yazdığı cavabı da üstünlüklər sırasında saymıram. Hazırcavablığını da həmçinin – haçansa yazmışdım ki, hazırcavablıq siyasətçinin ən sonuncu üstünlüyüdür!

İsa Qəmbərin üstün saydığım, amma hələ də heç kimin dilə gətirmədiyi məziyyətlərini deyəcəm – ad günü hədiyyəsi olaraq!

Yoxdur Azərbaycanda onu tənqid edən elə birisi ki, İsa bəy ona qarşı kin saxlasın! Onu bu gün səhər tezdən tənqid edərsən, İsa bəyin artıq qəzetlərlə tanış olduğuna əmin olarsan və... götürüb zəng edərsən ki, Azər Rəşidoğludur, Aydın Canıyevdir, Qənimət Zahiddir, Şahvələd Çobanoğludur, Hüseynbala Səlimovdur, Azər Hüseynbaladır, özünəməxsus şəkildə yazdığını oxuduğunu ibarəylə çatdırar, dolayısıyla sarkazmla cavabını verər, sonra da səninlə söhbətə çox səmimi şəkildə davam edər! Əgər səmimisənsə, artıq "iti öldürənə sürütlədərlər” məsəlini özün özünə yedizdirib, İsa Qəmbəri məqsədinə çatdırarsan! Yəni ki, düzdür, mən yazmışdım ittihamları, yazdıqlarımın hədəfə dəyməsi üçün gərək təmasa çıxmayaydım, çıxdım və İsa bəy də məni elə öz dilimdən tutub öz əlimlə dəfn elədi. Belə məqamlar çox olub, indi konkretləşdirmək fikrim yoxdur!

İsa bəyin bütün digər siyasilərimizdən ən kəskin və ən üstün fərqi həm də budur: adam haqlı tənqiddən özü üçün nəticələr çıxarır, şər-böhtanla üstünə gələnlərə görə qətiyyən narahat olmur. Hətta sevinir də: nə yaxşı, mən belə pis adam deyiləm. Rüsvayçılığa qalanda isə, əlbəttə ki, İsa Qəmbərin payına heç nə düşmür. Tanıyan tanıyır!

İsa Qəmbərin daha bir və daha çox fərqləndirici keyfiyyəti xalqdan nagüman və gileyli olmamasıdır. Dəqiq çözümü var: "Azadlıq və müstəqilliklə bərabər, inkişaf etmiş texnologiyalar yalnız və yalnız informasiya təminatını gücləndirib, bu sahədə həddən artıq bolluq yaradıb, amma və lakin... düşüncə tərzi dəyişməyib, bu istiqamətdə irəliləyiş olmayıb”.

Bütün digər siyasilərdən fərqli olaraq, pafoslu, alovlu, gurultulu şüarların, ibarələrin qapısına dilənçi kimi düşüb əl açmayan İsa Qəmbər rasional düşüncədən çıxış edərək, nə xalqın müti durumundan əndişələnir, nə də xalqını qəhrəman sayılan xalqlardan əskik tutur. Bir o sadə səbəbdən ki, xalqının qəhrəman xalq olduğunu bilir, hər zaman ona güvənir, həm də bilir ki, bu xalq bu gün uduzmağa məhkumdur! Xalqı qələbəyə aparmaq onun gücü xaricindədir!

Bu xalq... özünə, dövlətinə xəyanət edənləri cəzalandırmaq bir yana, hətta ictimai qınaqla da olsa belə, "gözün üstə qaşın var” deməyə can çəkir! Başlıca və ilkin səbəb budur!
Bu xalq bu gün sakitlik istəyir: yesin-içsin, gəzməyə getsin, toyda dombalaq aşsın, yasda "Yasin”i də, "Fatihə”ni də "segah” üstə oxusun!

İsa Qəmbər mənim tanıdığım aktiv siyasətçilər içində, İlyas İsmayılovla birgə, mütaliəyə – bədii, siyasi, tarixi ədəbiyyata fasilə verməyən iki nəfərdən biridir! Hər zaman gündəmi diqqətə alan, qənaətlərini təkmilləşdirən, çözümlərini istiqamətləndirən, faktları bankomatında yerləşdirən, saxlancını yalnız taleyüklü informasiyalarla zənginləşdirən az siyasi personalardandır! 

Özünə heç kimi rəqib görməyən İsa Qəmbər onu rəqib görən hər bir opponentini İsa Qəmbər statusunda və ranqında görür. Davranışıyla bunu dəfələrlə sübuta yetirib. Ani diqqətsizlik və elementar səhlənkarlıq etsəydi, onu yeganə və məğlubedilməz rəqib görənlər anında məhv edərdilər. Məhz onu ad günündə buna görə təbrik etmək istəyirəm: iqtidarın və müxalifətin yeganə ağırtonnajl rəqibi İsa Qəmbərin diri qalması möcüzədir! 

2002-ci ildə haqqında aqressiv tonda yazdığım siyasi portretindən bir fikri nəzərə çatdırıram: "İsa Qəmbər prezident seçilmək üçün əvvəl gərək cəmi müxalifət namizədlərinə qalib gəlsin, ondan sonra Rauf Arifoğluna və bütün bunlardan sonra iqtidara qalib gələ bilər”.

"Əlin qana batıb, İsa Qəmbər” ittihamında bulunan Etibar Məmmədovun hələ favorit olduğu, Elçibəyin "mən seçkiləri boykot etmək üçün qayıtdım Bakıya” dediyi, hər yerdə hər kəsi kürəyindən yandırmaq üçün Əli Kərimlinin reverans etdirildiyi dönəmlərdə dirilmək, ayaq üstə qalmaq və hələ bir prezidentliyə namizədliyini irəli sürmək, qalib gəlmək və bu günə qədər də sağ qalmaq... postsovet ölkələrinin müstəqillik dönəmində İsa Qəmbərin dünya siyasi tarixi üçün ən unikal siyasətçi obrazını əbədiləşdirir!

1998-ci ildə Etibar Məmmədov prezidentliyə namizəd olaraq, qələbəsi sıfırlananda dinməyib sakit qaldığına görə daha bir dəfə parlamentdə otura bildi. Bu günəcən də o sual verilməyib ki, 1998-ci il seçkilərinin nəticələri nəyə əsasən elan olundu?!

Eyni aqibət, amma daha sarsıdıcı formada, daha ağır nəticələrlə, daha ağır fəsadlarla İsa Qəmbərə yaşadılanda, anlamaq lazım idi...
Hər iki halı çözmədən, "keçmiş olsun” deyək!

İsa bəyin ad günündə düşündüyüm və hədiyyə etmək istədiyim daha bir məqam var (düzdür, oxşar fikri haqqımda dostlar deyib, bunu kompliment saymışam, odur ki, özümə haqq bilmirəm):
- İsa bəy Azərbaycan tarixinin o simalarındandır ki, onunla həmsöhbət olmaq şərəfi hər gün nəsib olmasa da, onunla bir sırada olmaq özü belə xoşbəxtlikdir. Bunu etiraf emək üçün ilk növbədə anlamaq və dərk etmək lazımdır ki, rəqiblər hətta 25 il müddətində belə, apardıqları antitəbliğatla bu dağı əridə bilmədilər.

İsa bəydən prezident olmadan da prezident olacağı halda verə biləcəyi faydanı qoparmaq olardı. Təəssüflər olsun ki, biz xırda şeylərlə özümüzü xoşbəxt olan xalqa çevirmişik və fərqinə varmırıq ki, həm maddi, həm mənəvi, həm tarixi qazancımız daha böyük, daha qlobal ola bilərdi!
Biz İsa Qəmbəri mandata satanları gördük!
Fəxri ada satanları gördük!
Villalara, fermalara, ofislərə, şirkətlərə satanları gördük!
Varlığı baha başa gələn İsa bəyin yoxluğu... varlığından daha baha başa gəldi!

İsa bəy ləyaqətli siyasətçi və ədalətli rəqibdir – bütün digər siyasilərdən həm də bu fərqi var. Uzun müddət ittihama çevirdilər 2008-də söylədiyi iddia olunan belə bir fikrini ki, İlham Əliyev güclü rəqibdir.

Siyasətçi udmağa iddialı olduğu qədər ləyaqətlidirsə, uduzmağı şərəflə "perevarivat”- həzm etmək qədər də vicdanlı olmalıdır!
Mən tam əminəm: İsa Qəmbər kombinasiyalar qurmayan siyasətçidir. Çünki siyasi müdrikliyinə və bəsirətinə görə zəkalı bir sima olaraq, qurulan bütün tələlərin, qoşulan bütün kombinsiyaların tapıla bilinməyəcəyi elə bir çıxış yolu, açıla bilinməyəcəyi elə bir həlli yoxdur ki, aciz qalsın. Belə çevik düşüncəyə, açıq döyüşə, mərd mövqeyə sahib ikinci bir sima tanımıram.

Pribaltikalıların bir filmi var: "Dolqaya doroqa v dyunax”. İlk seriyanın sonunda məğzi yadımda təxmini qalan fikirlə razı olduğum üçün təbliğ edirəm: "Kiçik xalqların tez-tez alçaldılması adi hal olur”.

İsa Qəmbər nə qədər böyük siyasətçi olsa da, konkret hansısa klana və tayfaya mənsub olmamasının uğursuzluğu bir yana, onu dəstəkləyəcək daxili və xarici qüvvələri ələ ala bilmək üçün yetərli maliyyə və siyasi dəstəyinin də yoxluğu öz işini görür! Və belə çıxılmazlıqda maksimalistcəsinə İsa Qəmbəri hədəf almaq bir az ədalətsizlik, bir az vicdansızlıq, bir az da şərəfsizlikdir!

İsa Qəmbərə ad günündə həm də ən azından ona görə təbrik düşür ki, bu ölkənin Türkmənistana və Şimali Koreyaya çevrilməsinin qarşısında durdu... Əbülfəz Elçibəylə, Əli Kərimli ilə, başqaları ilə. Bir-birlərinin badalağı olsalar da, son anda varlıqları ilə yenə faydaları oldu.

Və mən... "bütün cəbhəboyu” – həm iqtidarı, həm müxalifəti vaxtaşırı kəskin tənqid edən biri olaraq, nəzərə çatdırıram: biz (mən və mənim kimi digərləri, başda Xaliq Bahadır, Şahvələd Çobanoğlu, Əvəz Zeynallı olmaqla) bu insanları sevdiyimizdən çığnadıq. Biz ümid edirdik bu insanlara! Biz ən azından bu ölkənin spikeri, baş naziri görmək istəyirdik bu insanları!

Əlbəttə ki, bu gün ad günü olan İsa bəyin də, digərlərinin də arzuları daha böyük, daha qlobal idi!
Arzularımız gözümüzdə qaldı!
Arzunuz gözünüzdə qalmasın, İsa bəy!

YAZIYA SÖZARDI: Şahmat üzrə çox fitri isimlərdən biri olub, yaddaşım və zənnim məni aldatmırsa: Maks Eyve (yanlış olsa, sabah Ustad Şakir Yaqubovdan dəqiqləşdirərəm). Dövrünün - müasirləri olan dünya çempionlarının tam əksəriyyətini udan, amma həlledici məqamda uduzub çempion ola bilməyən Maks Eyveyə sual verirlər ki, axı niyə çempion ola bilmirsiniz?! Cavab yadımda belə qalıb: "Быть чемпионом – это судьба”.

Şərhə ehtiyac duymuram!

P.S. İsa bəylə Milli Məcliin sədri olanda gözəl bir şəklimiz var – arxivdən tapıb paylaşacam!
P.P.S. 90-cı illərin ortalarında bir qəzetdə redaktor işləyəndə müxbirə gəldi ki, İsa bəylə müsahibəyə gedirəm. Üst-başı bərbad, suallar yazılmış vərəq əzik-üzük. Baxdım, baxdım, soruşdum ki, belə və bu görkəmdə? Dedi ki, hə!

- Zalımın qızı, adam ölkənin spikeri, prezident əvəzi olub, müxalifətin ən ünlü simasıdır, özünə necə rəva görürsən bu görkəmdə və belə?
- Görkəmimə, suallara nə gəlib ki?
- Özün bu görkəmdə "Koral”ın gözəlçələrinə, suallar yazılmış vərəqin "olvis-ultra”ya oxşayır. Ona hörmət qoymursan, heç olmasa, jurnalist adına, imicinə hörmət qoy!
Məndən rəhbərliyə şikayət etmşdi, soruşdlar ki:
- Qızdan nə istəyirsən?
- Onda istəməli nəsə var ki? Evimdəkinin əlinə su tökməyə yaramaz!
... Sən demə, onun da istədiyi, ondan da istənməli çox şeylər varmış!
... İsa Qəmbər belə bir ölkədə yaşayır və bu günə gəlib çıxıb!
Qəhrəmanlıqdır!
Təbrik edək, lütfən! Bəhanə... ad günü olsun!

P.P.P.S. Ölkənin ən işıqlı və mübariz adamlarının, intellektuallarının Müsavata üz tutması, ilk növbədə, müsavatçılıqdan çox, İsa Qəmbərə inam idi - həm Müsavatı, həm də özlərini xilas etmək istəyirdilər adamlar. Fəqət... "Fəzlin xilası mümkün deyil"... hələ də!!!
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.