Oğlu qəza törədən məmur niyə cəzalanmadı?

Oğlu qəza törədən məmur niyə cəzalanmadı?

21-09-2017 08:33 / Bu xəbər 1408 dəfə oxundu

Son zamanlar məmur övladlarının bahalı maşınlarla qəza törədərək sadə vətəndaşları öldürməsi adi hala çevrilib. Bu kimi hallara əvvəllər rast gəlinsə də, miqyas və say baxımından məmur övladlarının törətdiyi avtoqəzalar indiki qədər deyildi. Geridə qoyduğumuz ay məmurların "avtoş" övladları üçün çox "məhsuldar" oldu. 

Öncə, Sərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlunun, ardınca Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin, daha sonra isə Nərimanov RİH-nin birinci müavini Şahmar İbadovun oğlu törətdikləri qəza ilə gündəmə gəldilər. 
 
Sərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlunun general övladına yaraşmayan hərəkətinə ölkə rəhbərinin reaksiyası özünü çox gözlətmədi. Belə ki, general-mayor prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi.
 
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza da ölkə mediasının gündəmini zəbt etdi. 

Nail Allahverdiyevin törətdiyi qəza ilə iki nəfərin ölümünə səbəb olmuşdu. Nail Allahverdiyev barəsində hadisədən sonra həbs-qətimkan tədbiri seçildi. Hadisədən sonra Nail Allahverdiyevin maşın kolleksiyasının olduğu barədə mediada fotolarla birgə xəbərlər yayıldı. Tanınmış iqtisadçı Qubad İbadoğlu Nail Allahverdiyevin maşın kolleksiyasını 2 milyon manat dəyərində qiymətləndirdi. "Qaçqınkom" sədrinin nəvəsinin milyonluq maşın kolleksiyasına necə sahib olduğu hələ də sual olaraq qalmaqdadır. Ancaq bununla belə, Əli Həsənova yaxın vəzifəli şəxslər Nail Allahverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu barədə açıqlamalar verdilər. 
 
Növbəti qalmaqallı avtoqəzanı isə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov törətdi. Avqust ayının 22-də baş verən qəzanı icra başçısının müavini özü də təsdiqlədi. 

Qəzadan sonra Elmar İbadovun da Əli Həsənovun nəvəsi kimi bahalı maşın kolleksiyalarının olduğu barədə məlumatlar yayıldı. Yayılan məlumatda maraqlı məqam isə Elmar İbadovun yüzminlik maşınlarının- "Range Rover" və "Galandwagen" markalı avtomobillərinin 10-AC-100 nömrəsinə sahib olması idi. Qeyd edək ki. bu cür dövlət nömrə nişanlarının qiyməti "qara bazar"da 30-50 min manat arası olduğu deyilir. 
 
Hadisədən sonra Elmar İbadovun "İnstagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silindi. 
 
Elmar İbadovun törətdiyi ağır qəzadan (qeyd edək ki, bu qəzada bir nəfər həlak olub) sonra çoxları Şahmar İbadovun vəzifəsindən azad ediləcəyini düşünsə də, bu baş vermədi.
 
Şahmar İbadovun övladları qəza törədən digər məmurlarla müqayisədə vəzifədən azad edilməməsinin səbəbi barədə Qlobal.az ilginc məlumat əldə edib. 
 
Əldə etdiyimiz məlumata görə, bu hadisədə Şahmar İbadovu qoruyub saxlayan böyük vəzifəli şəxs - "qüdrətli əl" var. Həmin şəxs ölkədə olduqca ciddi vəzifə sahibidir və onunla Şahmar İbadovun münasibəti uzun illər əvvələ, Şahmar İbadovun Milli Məclisdə çalışdığı dövrlərə gedib çıxır. 
 
Şahmar İbadov əvvəllər MM-də sektor müdiri vəzifəsində çalışıb. 

qlobal.az