''Oğlumu hərbi xidmətdə döyüb öldürüblər''

''Oğlumu hərbi xidmətdə döyüb öldürüblər''

26-09-2017 17:38 / Bu xəbər 1256 dəfə oxundu

Əsgər anası: ''İşgəncə övladımın ölümü ilə nəticələnib''

"Oğlumu hərbi xidmətdə döyüb öldürüblər. Əvvəlcə Gəncənin N saylı hərbi hissəsində qulluq edib. Hərbi anddan sonra onu Qazax rayon N saylı hərbi hissəsinə göndəriblər.  Oğlumu aprelin 15-də Aşağı Quşçular kəndindəki posta qaldırıblar. Həmin gündən mayın 28-dək hər gün döyüblər. Vəziyyəti ağırlaşandan sonra briqadaya, daha sonra Gəncənin hərbi hospitalına aparıblar, xeyri olmayıb, dünyasını dəyişib”. 

Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1999-cu il təvəllüdlü əsgər Asif Kərimovun anası Validə Kərimova Meydan TV-yə belə deyib. 

O, oğlunun yanvarın 6-da hərbi xidmətə çağırıldığını, sentyabrın 7-də hərbi hospitalda öldüyünü söyləyir: 

"Oğlumu döyərək öldürüblər. Buna görə dəfələrlə müdafiə naziri Zakir Həsənovla görüşməyə cəhd etmişəm. Balamın döyülərək öldürüldüyü barədə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət göndərmişəm.  Məni dinləyən olmayıb. Müdafiə Nazirliyi qarşısında nazir Zakir Həsənovun maşınının qarşısını kəsdim, kənara çəkdilər. Sonra məni nazirin müavini Kərim Vəliyev qəbul etdi”.

Validə Kərimova deyir ki, oğlu hərbidən əvvəl heç vaxt səhhətindən şikayət etməyib:

"Hərbi xidmətə qışda getdiyindən soyuqladı. Bir müddət Şəmkirdəki hərbi hospitalda müalicə olundu. Hospitalda olanda 5 dəfə yanına getdim. Həkimə oğlumun möhkəm öskürdüyünü, ağciyərində problem olduğunu dedim. Onu hərbidən azad etməsini xahiş etdim. Ancaq o, heç bir problem olmadığını söylədi. O zaman həkimə beynindən çirk gəldiyini bildirdim. Yüngül qaymorit olduğunu etiraf etdi. Martın sonunda Qazax hərbi hissəsinə aparıldı. Orada da tibb mərkəzinə göndərildi, çünki hərarəti yüksək olurdu. Xəstələnməsinin səbəbi isti paltar verilməsi idi, tərləyirdi, dəyişmirdilər və tez soyuq tuturdu. Amma cinayət işini aparan müstəntiq mənə dedi ki, oğluma nə olubsa, postda olub. Tam müalicə getməyib. İşgəncə övladımın ölümü ilə nəticələnib".

Validə Kərimova oğlunun ayyarım Aşağı Quşçular kəndindəki posta olarkən ağır işgəncələrə məruz qaldığını iddia edir:

"Şəmkir Hərbi Prokurorluğunda açılan cinayət işində oğluma işgəncə verənlər hərəkətlərini etiraf ediblər. Sahib İmran oğlu Yusifov, Mobil Əhliman oğlu Sadıxov və Murad Cəlalov haqqında cinayət işi açılsa da, onlar hərbi hissədədirlər. Bu 3 nəfər hər gün oğlumu döyürmüşlər, hətta Asif aldığı işgəncəylə bağlı komandirə şikayət də edib, amma heç bir təsiri olmayıb”.

Ana bildirir ki, mayın 27-də oğlu ilə danışıb. Ona kontur yükləyib ki, bir gün sonra yenə danışsın: 

"Bir gün sonra zəng etdi. Səsindən elə hiss olunurdu ki, sanki onu qovurlar, təngənəfəs idi. Soruşdum ki, nə olub, cavab verə bilmirdi, əsəbiydi. Bircə onu çağırdıqlarını eşitdim, dedi ki, yeməyə çağırırlar. Cavab verdim ki, bu nə vaxtın yeməyidir, günorta deyil axı. Onda tutuldu və telefonu söndürdü. Sonra bildim ki, posta düşüb, yenə döyüblər, ağzından qan gəlib. Amma ona inanmayıblar. "Sən bütün hərbi hissəni barmağına dolayırsan”, - deyiblər. Hətta gizirlərdən biri onu vurub da. Yalnız uşağın vəziyyətinin pis olduğunu görüb hospitala aparmağa məcbur olublar".

Validə Kərimovanın dedikləri ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

Gəncə Hospitalının baş həkimi Cəmil Tahirov əsgər Asif Kərimovun onun xəstəsi olduğunu təsdiqləyib. 

Ancaq o, suallara cavab verə bilməyəcəyini deyib:

"Asif Kərimovun xəstəlikləri çox olub, sadalasam, bir siyahı alınacaq. Ancaq əsgəri sonra Bakıya, Mərkəzi Hospitala apardılar”. 

Meydan TV məsələni araşdıran Rəfael adlı müstəntiqlə əlaqə saxlamağa çalışıb. Lakin Hərbi Prokurorluğun müstəntiqi istintaq getdiyini əsas gətirərək, danışmaq istəməyib.