Ombudsmandan Əfqan Muxtarlıyla bağlı xəbər

Ombudsmandan Əfqan Muxtarlıyla bağlı xəbər

29-11-2018 18:11 / Bu xəbər 1343 dəfə oxundu

Jurnalist Əfqan Muxtarlının cərimə kamerasına (kars) salınması barədə deyilənləri Ombudsman təkzib edir.

Bu barədə jurnalistin yaxınları bildiriblər.

Yaxınlarının bildirdiyinə görə, bununla bağlı Ombudsman Elmira Süleymanovadan Ə.Muxtarlı ilə bağlı məktub gəlib.

Bir müddət əvvəl Ə.Muxtarlı vəkilləri vasitəsilə Ombudsmana ərizə ilə müraciət etmişdi. Müraciətdə Ə.Muxtarlının saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində əsassız olaraq cərimə kamerasına (kars) salındığı, digər qanunazidd hərəkətlərə məruz qaldığı vurğulanır və bunların araşdırılması istənilirdi.
 
Ombudsmandan həmçinin, Ə.Muxtarlının həftədə bir dəfə xarici ölkədə yaşayan ailəsi ilə Skype vasitəsilə əlaqə saxlamasına köməklik göstərilməsi istənilirdi.
Ombudsman E.Süleymanovanın cavab məktubunda bildirilir ki, ərizədə göstərilən halların araşdırılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edilib.
 
Ombudsman Ə.Muxtarlının vəkillərini və yaxınlarını Penitensiar Xidmətdən aldığı cavabla bağlı məlumatlandırıb.

Həmin məlumatda qeyd edildiyinə görə, Ombudsmana cavab verilib ki, Ə.Muxtarlı cəza çəkdiyi dövrdə fiziki və mənəvi təzyiqlərə məruz qalmayıb, zəruri maddi-məişət şəraiti ilə təmin olunaraq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından tam qaydada istifadə edib.

Həmçinin Ə.Muxtarlının Skype vasitəsilə ailəsi ilə əlaqə saxlamaq istəyinə də münasibət bildirilib.

«Eyni zamanda, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində məhkumların internet vasitəsilə yaxın qohumları və digər şəxslərlə əlaqə saxlamaları nəzərdə tutulmamışdır», - deyə qeyd edilib.

Oktyabrın ortalarında Ə.Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva jurnalistin özünə istinadən onun cərimə kamerasına salındığını açıqlamışdı.
Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə ttihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.
Amnesty İnternational təşkilatı onu "vicdan məhbusu" elan edib.