"Ombudsmanın heç bir fəaliyyəti yoxdur"

11-12-2018 11:07 / Bu xəbər 1408 dəfə oxundu

Dekabr ayının ikinci həftəsi insan haqları həftəsidir. 

İnsan haqlarını  111 dövlət tanısa da, bəzən bu haqlar elə dövlət və dövlət qurumları tərəfindən pozulur. 

Bu hallarda şikayət ediləcək orqanlardan biri də İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsmandır.  
 
Başqalarının haqqını qoruyan şəxs…

Ombudsman şikayətləri və müraciətləri dəyərləndirən və problemlərin həll yolunu göstərən şəxsdir.

"Ombudsman” sözü İsveçrə mənşəlidir, "ombud” təmsilçi, "man” isə  insan mənasında işlədilir. 

İsveçrədə ombudsman sözü, "başqaları üçün şikayət edən şəxs, başqalarının haqlarını qoruyan şəxs” mənasına gəlir.

Azərbaycanda Ombudsman  prezidentinin təqdim etdiyi üç namizəd arasından Milli Məclisi 83 səs çoxluğu ilə seçilir.

Milli Məclis Ombudsmanın seçilməsi ilə bağlı qərarı qəbul etməzsə , Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Milli Məclisinə təqdim edir.

Bununla yanaşı  eyni şəxs sadəcə 7 il müddətinə, ən çox 2 dəfə seçilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının I fəsil 4-cü maddəsinə görə müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Ötən il baxılan şikayətlər

Ombudsmanın rəsmi səhifəsində hər il görülən işlərin hesabatı verilir. Məsələn 2017-ci ilin hesabatında qeyd olunub ki, quruma 2017-ci il ərzində  18.400 müraciət daxil olub. 

2017-ci ildə daxil olan müraciətlərə münasibətdə mülkiyyət hüququ ümumi müraciətlərin 13,2 %-ni, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ 6,2 %-ni, sosial təminat hüququ 5,8 %-ni, əmək hüququ isə 4,9 %-ni təşkil edib. 

Şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 55,6 %-nin baxılmasından imtina edilib.

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı müraciətlər, bir qayda olaraq, məhkəmə qərarlarından narazılıq hallarından, bəzən isə məhkəmələrdə süründürməçilik və məhkəmə qərarlarının surətinin vaxtında verilməməsindən ibarət olub.

Ombudsmanın köməyi

Bəs Azərbaycanda Ombudsman qurumu siyasi hüquq və azadlıqlarının pozulduğunu iddia edən, Beynəlxalq təşkilatlar və Avropa Məhkəməsində iddiası təmin olun şəxslərə həbsdə olduqları müddətdə hansı  köməkliklikləri göstərib?

Beynəlxalq təşkilatlar  tərəfindən siyasi məhbus kimi tanınan Tofiq Yaqublu deyir ki, həbs edildiyi zaman Ombudsmana müraciət etməyib: "Onlar özləri gəldilər,  lakin mən müraciət etməmişdim. Problemləri dedim, onlar da saxlanma şəraitimlə bağlı qeydlər götürdülər. Hətta olduğum bütün təcridxanalara  4-5 dəfə gəldilər. Lakin bir xeyrini görmədim. Məsələn, mən orda olanda qəzet verilmirdi, bunu onlara dedikdən sonra da vəziyyətdə bir dəyişiklik olmadı. Onların işi sadəcə gəlib formal olaraq orda görünməkdir”.

Tofiq Yaqublu deyib ki, ölkədə insanların təməl siyasi hüquqları pozulur: "Ölkədə razılaşdırılmamış və razılaşdırılmış bütün aksiyalarda insanlar şiddətə məruz qalır, həbs olunurlar. Amma Ombudsmanın səsi çıxmır. Halbuki bu, birbaşa onun işidir. Belə bir hadisədə ya Ombudsman buna reaksiya verməlidir ya da belə bir sistemdə Ombudsman vəzifəsini yerinə yetirmədiyindən istefa verməlidir. Ən sadə bir hüquq olan sərbəst toplaşma hüququ yoxdursa, o müvəkkil orda hansı nağılı danışa bilər axı?”

Hüquq müdafiəçisi, eyni zamanda bir zamanlar siyasi məhbus olmuş və Avropa Məhkəməsində iddiasını qazanmış İntiqam Əliyev də Ombudsmana şikayət etmədiyini deyir: "Həbsdə olduğum müddətdə Ombudsman Aparatından gəlirdilər, mən onlara deyirdim ki, gəlmələrinə belə ehtiyac yoxdur. Çünki onların mənim kimi adamların problemlərini həll etmək səlayihətinin olmadığını bilirdim. Gəlsəydi, nə olacaqdı, gəlməsəydi, nə olacaqdı?”

"Hər kəs öz haqqını qorumalıdır”

Ombudsman Aparatı ilə bağlı diqqət çəkən başqa bir xüsus isə odur ki, konstitusiyada eyni şəxs ən çox 2 dəfə, ümumilikdə 14 il Ombudsman ola biləcəyi halda artıq bir ildən çoxdur ki, yeni Ombudsman təyin olunmayıb.

Politoloq Zərdüşt Əlizadə deyir ki, xalq gərək özü öz haqqını tələb eləsin, çünki konstitusiyaya  sıravi vətəndaşdan tutmuş bürokrata qədər heç kim məhəl qoymur:
 
"Azərbaycan Konstitusiyasına önəm verən yoxdur. Nə siravi vətandaş, nə başqası konstitusiyanı oxuyur, hüquqlarını bilir. İnsanların sərbəst danışmaq, hesabat istəmək hüquqları yoxdur. O yüksək maaşa görə səslərini qısıb oturublar yerlərində. Prezident də ölkəni heç kimə hesab vermədən, malikanə kimi idarə edir. Xalq haqqını tələb eləmir, o da belə edir. Xalq özü öz haqqını qorumalıdır, baxın görün Fransada xalq haqqını necə qoruyur”.

"Gərək namizədlər olsun”

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənova görə Ombudsmanın iki dəfədən çox seçilə bilməməsi, doğurdan da, çox təqdirəlayiq haldır: "Ombudsman çox vaxt yaşlı adamlardan seçilir və 14 il də bu vəzifədə qalır.

Bu baxımdan 2 dəfə şərtinin qeyd olunması çox yaxşı haldır. Qaldı parlamentin hələ də Ombudsmanı seçə bilməməsinə, hökumət bu işdə tələsmir. Bunun əsas səbəblərindən biri  odur ki, hakimiyyət bu vəzifəyə  loyal adam tapa bilmir. Vaxti ilə ən optimal variant Elmira Süleymanova idi, bu gün isə belə biri yoxdur. Əslində yeni Ombudsmanın seçilməməsi Milli Məclisin konstitusyanı pozması demək deyil, prezident hələ belə bir namizəd təklif etməyib. Ombudsmanı seçmək üçün bir neçə namizəd lazımdır. Bir zamanlar bir neçə namizəd təklif olunmuşdu bunlardan biri Ədliyyə Nazirliyindən, digəri Gənclər və İdman Nazirliyindən idi. İndi də gərək belə namizədlər təklif olunsun”.

Əvəz Həsənov bir Ombudsmanın olmasından təəccüblənir: "Müzakirə olunurdu ki, Azərbaycanda mətbuat, uşaq hüquqları üzrə ombudsman təyin oluna bilər. Sonra bu müzakirələr hansısa səbəbdən dayandırıldı. Hesab edirəm ki, dünyada da populyar olan media və uşaq hüquqları üzrə Ombudsman Azərbaycanda da olmalıdır”. 

"Elmira Süleymanovaya olan şəxsi münasibətlə də bağlı ola bilər”

Politoloq Nəsimi Məmmədli deyir ki, faktiki olaraq ölkədə yeni Ombudsmanın seçilməməsi çox ciddi qanun pozuntusudur: "Qanunları qəbul etmək vəzifəsi daşıyan və ona nəzarət edən Milli Məclis özü də qanunları pozur.  Burada iki amil ola bilər. Birincisi, Ombudsman vəzifəsinə uyğun kadrın tapılmaması, ikincisi, hakimiyyətə sədaqətli, insan hüquq və azadlıqlarını açıq şəkildə pozanlara göz yummağı bacaran, müstəqil təşəbbüsləri olmayan, eyni zamanda da yaşlı birisinin hələ tapılmaması. Digər məsələ isə yəqin ki, Elmira Süleymanovaya olan şəxsi münasibətlərlə bağlıdır. Adətən, ayrı-ayrı fərdlərə olan münasibətə görə qanunların pozulması ilk hal deyil. Bu kimi məsələlərdə hakimiyyətin siyasi iradəsi qanunlardan daha üstün təsirə malikdir”.

Siyasi şərhçi qurumun fəaliyyətindən narazıdır: "Ölkədə rəsmən Ombudsman institutu fəaliyyət göstərsə də, faktiki olaraq bu qurumun öz qanuni funksiyasını yerinə yetirməsindən danışmaq çətindir.  Təəssüf ki ölkədə mövcud olan hüquq pozmalar artan istiqamətdədir. Bu kimi halların qarşısını almaq üçün  nə yerli səviyyədə, nə də beynəlxalq arenada təsirli mexanizm var. Hətta son illər Avropa İnsan Haqları Məhkəməsinin bəzi qərarları da ölkəmizdə icra edilmir. Ombudsmandan şikayət edə biləcəyimiz beynəlxalq instansiya yoxdur”.

Nəsimi Məmmədli qeyd edir ki, Ombudsmanla bağlı üstün beynəlxalq təcrübələr ölkəmizdə tətbiq edilmir: "Ümumiyyətlə, bu istiqamətdə də durum çox pisdir. Biz ölkə olaraq üzərimizə götürdüyümüz beynəlxalq öhdəlikləri əsasən imitasiya edirik. Mövcud institutların heç biri ölkəmizdə işləmir. Bəzi hallarda isə əksinə, daha da hüquq pozmaların artmasına səbəb olur”.
 
"Sadəcə, imitasiyadır”

D18 Hərəkatının sədri Ruslan İzzətli də Ombudsmanın fəaliyyətindən narazıdır: "Son günlər siyasi məhbusların həbsxanalarda işgəncəyə məruz qalması, karsa salınmaları barədə xəbərlər alırıq. Artıq insanların sosial mediada yazdığı statusa görə cəzəlandırılması, həbsxanalarda işgəncəyə məruz qalmaları adi hal alıb. Bütün  baş verənlərə qarşı insan hüquqları üzrə müvəkkilin - Ombudsmanın heç bir açıqlaması və fəaliyyəti ortada yoxdur”.

Ruslan İzzətli problemin qaynağını hökumətdə görür: "82 yaşlı Elmira Süleymanovanın hələ də İnsan hüquqları üzrə müvəkkil olması hakimiyyətin insan haqlarına verdiyi dəyəri göstərir. Hakimiyyətin içində kifayət qədər gənclər var ki, onlar da Elmira xanım kimi hakimiyyətin əmrlərini yerinə yetirməklə məşğul olacaq. Amma hakimiyyət dəyişməkdə maraqlı deyil. Çünki hüququn şah olmadığı ölkədə Ombudsman Aparatı kimi qurumlar, sadəcə, imitasiya xarakteri daşıyır”.  
 
Beynəlxalq təcrübə

Dünyada isə ombudsmanlıq qurumu həm tarixi həm çeşidliliyi baxımından fərqlənir.

Ombudsmanlıq qurumu Fransada vasitəçi və haqların qoruyucusu, İngiltərədə parlament komissarı İsraildə  dövlət nəzarətçisi şəklində adlandırılır.

1992-ci ildə imzalanmış "Maastricht" müqaviləsinə görə Avropa Birliyinin qurumları və ya orqanlarının yaxşı olmayan davranışlarına qarşı Avropa Birliyi vətandaşlarının haqlarını qorumaq, Avropa Birliyi vətəndaşı ilə qurumlar arasındakı güvən münasibətlərini  gücləndirmək məqsədilə Avropa Birliyi öz daxilində də Avropa Ombudsmanı yaradıb.

Dünya təcrübəsində Ombudsman parlament tərəfindən seçilir və vətəndaşların dövlət orqanları qarşısında qorunmasını və müdafiə olunmasını həyata keçirir. Ombudsman vətəndaşların şikayətlərini dinləyir, araşdırır, əldə etdiyi nəticəni vətəndaşlara və qurumlara bildirir. 

İlk dəfə Ombudsman vəzifəsi 1973-cü ildə İsveçdə təyin olunun. Başlanğıcda bir nəfər  olan Ombudsman sadəcə iki il sonra dörd nəfər olaraq, təyin edilib: İstehlakçı ombudsmanı, qadın- kişi bərabərliyi ombudsmanı, qorunma ombudsmanı və media ombudsmanı.

Bu dörd ombudsman isə  parlament tərəfindən 4 il müddətinə seçilir.

İsveç və Finlandiyadan sonra ombudsmanlığı qəbul edən 3-cü ölkə Danimarkadır. 

Danimarkada ombudsman həm hökümət həm də parlament tərəfindən seçilir. Eyni ilə ABŞ-da da belədir. Hətta federal dövlət olduğundan hər əyalətin( ştatin) ayrı ombudsmanı var və onlar 1977-ci ildən bəri Ombudsmanlar Birliyi qurublar. Daha sonra bu birlik Kanada ilə ortaqlıq əlaqələri yaradıblar. 

ABŞ konstitusiyasına görə ombudsman insanın hüququ  mövzusu ola biləcək bütün işlərə müdaxilə edə bilər.
 
Toplum.Tv