Oqtay Əsədov: ''Çağırın, heç olmasa gəlib səs versinlər''

Oqtay Əsədov: ''Çağırın, heç olmasa gəlib səs versinlər''

03-04-2018 18:36 / Bu xəbər 2038 dəfə oxundu

Milli Məclisdə qanun layihəsinin səsverməsi zamanı yerətsay olmayıb

"Qeydiyyatdan 97 deputat keçib, amma səsvermədə 78 deputat iştirak edir. Haradadır bunların qalanı? Boğazları quruyub ki, çay içirlər? Çağırın, heç olmasa gəlib səs versinlər”.

Milli Məclisin sədri Oqtay Əsədov "Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermədə yetərsayın olmamasına narazılığını belə bildirib. Deputatların zala qayıtmasından sonra təkrar səsvermə keçirilib və layihə əsas kimi təsdiqlənib.

İkinci oxunuşda müzakirəyə çıxarılan layihə barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. O bildirib ki, ilk oxunuşda edilən bəzi təkliflər məqsədə müvafiq olmadığı üçün qəbul edilməyib. O, digər müddəaların da saxlanma səbəbini izah edib. Layihə ikinci və üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Qanun layihəsi beş fəsil və 26 maddədən ibarətdir. Qanunda özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və s. məsələlər yer alıb.

Milli Məclis

İclasda həmçinin "Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. 4 fəsil, 21 maddədən ibarət olan qanunda Azərbaycanda vətəndaşın daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur.

Sənəddə dövlət daktiloskopik və genom qeydiyyatı Konstitusiyada təsbit edilmiş vətəndaş hüquq və azadlılarına riayət edilməklə məxfilik, könüllülük və məcburilik uzlaşması prinsipləri nəzərə alınmaqla həyata keçirilməsi göstərilir. Qanun layihəsində qeyd olunan qeydiyyat məlumatları ilə itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan vətəndaşların şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və inzibati xətaların qarşısının alınması, aşkarlanması əks olunur.