Oqtay Əsədov Zahid Orucla niyə yola getmir?

Oqtay Əsədov Zahid Orucla niyə yola getmir?

28-06-2016 14:08 / Bu xəbər 1493 dəfə oxundu

Spikerlə deputat arasında qalmaqalın kökündə klanlararası mübarizənin dayandığı bildirilir

Milli Məclisin son iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında baş verən qalmaqal müxtəlif mülahizələrə səbəb olub. 

Xatırladaq ki, Zahid Oruc son iclasda Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildirib. O bildirib ki Avropa Ittifaqının dağıldığı bir vaxtda "tax free” sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır.

Bundan sonra Oqtay Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb. Spiker deputata xitabən deyib: "Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. ”Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sözünü kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.

Oqtay Əsədov bununla kifayətlənməyərək Zahid Orucla bağlı Milli Məclisin Intizam Komissiyasına müraciət edib.

Qeyd edək ki, bu Zahid Orucla Oqtay Əsədov arasında birinci qalmaqal deyil. Deputatla spiker bir neçə dəfə toqquşub. Bəzi mülahizələrə görə, Oqtay Əsədovla Zahid Orucun hər dəfə mübahisə etməsi hakimiyyətdaxili ziddiyyətlərin təzahürü ola bilər. Oqtay Əsədov Qərbi Azərbaycan klanının təmsil edir. 

Zahid Oruc isə Naxçıvan qruplaşmasının əsas simalarından sayılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyə yaxın şəxsdir. Bu iki qruplaşma arasında münasibətlər hər zaman gərgin olub. Hələ 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanovun, Prezident Administrasiyasının işlər idarəsinin müdiri Akif Muradverdiyevin həbsi ilə Naxçıvan qruplaşması Qərbi Azərbaycan klanına sarsıdıcı zərbə vurmuşdu. Lakin bu yaxınlarda hakimiyyətin nəzarətində olan media orqanlarına Əli Insanovun azadlığa çıxdıqdan sonra qisas alacağı barədə məlumatları ötürüldü. Bu, Naxçıvan qruplaşmasının yenidən Qərbi Azərbaycan klanına zərbə vurmaq planının olması kimi qiymətləndirildi.

Ehtimal olunur ki, Oqtay Əsədovun Zahid Oruca qarşı aqressiyasının kökündə məhz qruplaşmalararası mübarizə dayanır. Bu baxımdan da spikerlə deputat arasında növbəti toqquşmaların olacağını söyləmək olar.///azadliq.info