Oqtay Gülalıyevi maşın vurub

Oqtay Gülalıyevi maşın vurub

30-10-2019 01:25 / Bu xəbər 1087 dəfə oxundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub. 

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Səməd Vurğun bağının yanında piyada keçidindən yolu keçərkən maşın vurub. 

Sürücünün onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb.  

Bir neçə saat sonra isə bloger Mehman Hüseynov məlumat yayaraq, hüquq müdafiəçisinin Baku City Hospitala köçürüldüyünü bildirib. 

O deyib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə xəstəyə baxımsızlıq olub. 

Məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti ağırdır, huşu üstündə olsa da, reaksiyası zəifdir, fikrini izah edə bilmir. Kəllə beyin silkələnməsi travması alıb.
 
Oqtay Gülalıyev və bir neçə vətəndaş cəmiyyəti fəalları oktyabrın 28-də  "İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniya başladıblar.

Kampaniyanın başlaması və kampaniya çərçivəsində nəzərdə tutulan tədbirlər barədə oktyabrın 29-da saat 14.00-da təşkilat komitəsi üzvlərinin mətbuat konfransında rəsmi məlumat verilib və Oqtay Gülalıyev çıxış edib.