"Orxan 5 gün aclıq aksiyası keçirib" - Nəriman Babayev

24-08-2019 14:21 / Bu xəbər 1047 dəfə oxundu

"Tərtər işi" ilə bağlı prosesində saxlanaraq 15 il həbs cəzası alan Orxan Babayevlə avqustun 23-də atası Nəriman Babayev görüşüb.

Bu barədə Azadlıq Radiosuna məlumat verən Nəriman Babayev bildirib ki, oğlu saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində beş gün aclıq aksiyası keçirib: "Orxanla  avqustun 23-də görüşdüm. O mənə bildirdi ki, aclıq aksiyasını bu işə həm istintaqda, həm də məhkəmədə düzgün baxılmadığına, barəsində çıxarılan hökmün düzgün olmadığına görə keçirir. Yalvarıb onu bu aksiyanı keçirməkdən vaz keçməyə nail oldum. Ancaq yenə de deyir ki, günahsızam".

Nəriman Babayevin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci ilin mayında bu məsələyə aid birgə bəyanat yaymışdı.

Bəyanatda deyilirdi ki, xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək, Ermənistana ötürüblər.

Açıqlamada Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı vurğulanırdı. Amma həbs edilənlərin sayı açıqlanmırdı. Elə bundan az sonra bəzi media orqanlarında dövlətə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı.

Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərlərinin Baş Prokurorluğa çağırılaraq buna görə, xəbərdarlıq aldıqları bildirildi.

Rəsmi qurumlar bu işdə ölüm halları, hakim önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı məlumatlar yaymayıblar.

Valideynlərin bildirməsinə görə isə, istintaq zamanı həlak olan keçmiş hərbçilərdən 4-nün sonradan günahsızlığı üzə çıxıb.

Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var. Üstəlik, məhkəmə zamanı ittiham üzrə günahlandırılan bir çox hərbi qulluqçunun da 5 ildən 15 ilə qədər həbs cəzaları aldığı bildirilir.

Həbs edilən və istintaq zamanı öldüyü bildirilən hərbi qulluqçuların yaxınları dəfələrlə aksiyalar keçiriblər.

Onlar bu məsələlərin təkrar araşdırılmasını tələb edirlər. Azərbaycanın rəsmi qurumları isə, hələlik, bu tələblərə reaksiya verməyiblər.

Rəsmilər, bir qayda olaraq, ictimaiyyətə açıqlamalarında ölkədə istintaq zamanı təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları təkzib edirlər.