Orxan Baxışlı Avropa Məhkəməsinə şikayət edəcək

Orxan Baxışlı Avropa Məhkəməsinə şikayət edəcək

20-08-2018 17:39 / Bu xəbər 1391 dəfə oxundu

AXCP Gənclər Komitəsi Ali Məclisinin üzvü Orxan Baxışlının şəxsi axtarışa və götürməyə məruz qalmasının qanunsuzluğu ilə bağlı şikayətə Bakı Ağır Cinayətlər Məhkəməsi baxmalıdır.

Bakı Apellyasiya Məhkəməsi bu gün, avqustun 20-də belə qərar verib.

Həmin məhkəmə O. Baxışlının şəxsi axtarışa və qanunsuz götürməyə məruz qalması epizodu üzrə Yasamal Rayon Məhkəməsinin avqustun 8-də vermiş olduğu qərardan şikayətə baxıb.

AXCP-dən verilən məlumata görə, məhkəmə şikayəti qismən təmin edib. Ancaq bu, yekun qərarı dəyişməyib. Rayon məhkəməsi şikayəti «əsassız» olması səbəbindən rədd etmişdi. Bakı Apellyasiya Məhkəməsi isə qərarın əsaslandırmasını dəyişib. Hakim Mirzəli Abbasovun sədrlik etdiyi məhkəmə kollegiyası hesab edib ki, bu şikayətə Bakı Ağır Cinayətlər Məhkəməsi baxıb qərar verməlidir.

Narkotik cinayətində ittiham olunan O. Baxışlının əsas işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. 

AXCP üzvünün vəkilləri onun qanunsuz axtarışa və götürməyə məruz qalması epizoduna ayrıca baxılması üçün məhkəmə nəzarət qaydasında da şikayət vermişdilər.

AXCP-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı əldə edildikdən sonra Avropa Məhkəməsinə şikayət ediləcək.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. 

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O. Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. 

Həmin çıxışda gənc fəal E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini iddia etmişdi.///azadliq.org