"Palsüd" işçilərindən aksiya: maaş böhranı

15-07-2017 11:44 / Bu xəbər 1308 dəfə oxundu

"PalSüd" MMC-nin işçilərinə 1 milyon manatdan çox borcu var.

"Qaynarinfo"nun verdiyi xəbərə görə, ötən gün 7-8 ay müddətində əmək haqlarını ala bilməyən zavod işçiləri aksiya keçiriblər. Bundan əvvəl də oxşar hadisə baş vermişdi. Təxminən 20 gün əvvəl şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisi ümumilikdə 1 milyon manat dəyərində onlara ödəniləcək vəsaitlərin bir il müddətində gecikdirilməsinə etiraz ediblər. 

Şikayətçilərin sözlərinə görə bu pullar şirkətə süd verən ayrı-ayrı vətəndaşların haqqıdır. Məsələ ilə əlaqədar rəsmi qurumlara məlumatlar verilib. 

Dünən aksiya iştirakçılarından bir neçə nəfər polis şöbəsinə çağrılaraq onlardan şikayət ərizələri alınıb. Aksiyada iştirak edən PalSüd MMC-ni ona 27 min manat borcu olduğunu deyən Sahib Abdullayev zavod rəhbərliyinin aksiya iştirakçıları ilə görüşündə möhlət istədiyini, lakin bu möhlət vaxtının bitdiyini söyləyib.