“Pambıqçılığın 200 min insan üçün iş yerinə çevriləcəyi real görünmür”

“Pambıqçılığın 200 min insan üçün iş yerinə çevriləcəyi real görünmür”

02-04-2017 01:14 / Bu xəbər 2498 dəfə oxundu

Rövşən Ağayev: "100 min hektarı azı 10-15 min nəfər əkir”

"Ölkə prezidenti üçün pambıqçılıqla bağlı məlumatları və hesablamaları kimin, hansı strukurun hazırladığı çox maraqlıdır. Bu faktları dinləyəndə ilk təəssürat bu olur ki, iqtisadiyyatımız qısa müddətdə pambıqçılıq sayəsində böhran üzərində qələbə çalacaq”.

Bu sözləri müstəqil iqtisadçı Rövşən Ağayev öz "Facebook” səhifəsində yazıb. Onun fikrincə, pambıqçılığın iş yerlərinin yaradılmasına xidmət etdiyi barədə fikirlər real görünmür:

"Məsələn, rəqəmlərdən biri budur ki, pambıq əkinlərinin 100 min hektara çatıdırılması hesabına bu il 200 min yeni iş yeri yaradılacaq. Heç əkinlərin 200 min hektara çatıdırldığı şəraitdə belə pambıqçılığın 200 min insan üçün iş yerinə çevrilməsi real görünmür. Əvvəla, hazırda pambıq əkinlərinin əsas hissəsi dövlət və bələdiyyə mülkiyyətində olan iriölçülü örüş və biçənək torpaqlarında həyata keçirilir. Yəni 100 min hektarın əkilməsini ən yaxşı halda 10-15 min nəfər həyata keçirir”.

Qaldı muzdla işləyənlərə, Rövşən Ağayev deyir ki, 100 min hektarda 170-180 min nəfərin işləməsi də real deyil: 

"Bu sahə ilə əlaqəsi olanlar bilir ki, hazırda pambıqçılıqda işçi əməyi ən yaxşı halda suvarma və yığım mərhələsində gərək olur. Ötən ilin təcrübəsi göstərdi ki, 1 hektar sahədən yığılan pambığın təxminən üçdə ikisin texnika rahatlıqla yığır, sahələrdə qalan üçdə bir hissə üçün əl əməyi tələb oluna bilər. Bir sözlə, suvarma və yığımda tələb olunan işçi qüvvəsi xərci 1 hektar üçün ən yaxşı halda 300-400 manat təşkil edə bilər. Tutaq ki, indi rəsmi şəxslərin dediyi kimi, 1 hektar pambıq sahəsində 2 nəfər becərmə ilə məşğul oldu və hər biri orta hesabı ilə maksimum 200 manat zəhmət haqqı qazandı (lap 300 manat qazansın). İşçi əməyi pambıqçılıqda maksimum 2-3 ay fəal şəkildə gərək olur. Lap hesab edək ki, bir nəfər bu müddətdə maksimum 500-600 manat qazandı, bəs ilin qalan ayları necə olsun?” 

R.Ağayev deyir ki, işçi dedikdə məsələyə beynəlxalq metodologiya ilə yaxınlaşılmalıdır:

"Beynəlxalq Əmək Təşkilatının metodologiyasından çıxış edilsə, normal iş yeri işçiyə ilin ən azı 11 ayını işləmək və qazanc əldə etmək imkanı təmin edir. Kənd təsərrüfatı bütün dünyada mövsümi sektordur. Ona görə inkişaf etmiş ölkələrdə iqtisadiyyat üzrə məşğulluq və işsizlik göstəriciləri təqdim ediləndə, həmin göstəricilər əsasən qeyri-kənd təsərrüfatı sektoru nəzərə alınmaqla bəyan edilir”.

Prezident İlham Əliyev martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətin pambıqçılığa dəstək göstərdiyini deyib. O, pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləndiyini bildirib: 

"Vətəndaşlar bu sahəyə maraq göstərməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Göstəricilər daha yaxşı olacaq”, - deyə o vurğulayıb.