Parlament internetə cərimələri bəyəndi

Parlament internetə cərimələri bəyəndi

01-12-2017 17:20 / Bu xəbər 1956 dəfə oxundu

Bundan sonra internet informasiya ehtiyatının və domen sahibinin yayılması qadağan edilən informasiyanı yaymasına görə cərimə cəzası tətbiq ediləcək.

"Turan" agentliyi xəbər verir ki, ölkə parlamenti İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən əlavələri bəyənib.

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib. Həmin maddə qadağan edilən informasiyanın internetdə yayılmasına görə fiziki və hüquqi şəxslərin cərimə edilməsini nəzərdə tutur. Fiziki şəxslər 500 manatdan 1000 manata, vəzifəli şəxslər 1000 manatdan 1500 manata, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcək.

Cərimələr «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanunla yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək.

İnternet informasiya ehtiyatı hansısa informasiya «Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı»na daxil edilirsə, həmin bilgi internet resursunda varsa, dərhal ona müraciəti məhdudlaşdırmalıdır. Əks halda, host-provayder və internet provayderlər vəzifəli şəxslər üzrə 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcəklər.

Qeyd olunan müddəa o halda tətbiq edilir ki, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmasın.

"Telekommunikasiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında» qanunlara İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrlə bağlı düzəlişləri də deputatlar bəyəniblər.

Bu ilin martında ölkə parlamenti «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna dəyişikliklər edib. Dəyişikliklər bəzi bilgilərin yayılmasına qadağa qoyur.

Qadağan olunmuş bilgilərə terrorçuluğun təbliği, çağırışlar, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri haqda məsələlər daxildir. Zorakılığın, dini ekstremizmin, milli, irqi, dini nifrət və düşmənçiliyin təbliği, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların yayılması da qadağan edilir.

Dövlət sirləri, silahların, narkotik vasitələrin hazırlanma və istifadə üsulları barədə bilgilər, pornoqrafik materiallar da qadağalar siyahısına daxildir.

Həmin dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanına (Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi) səlahiyyətlər də verilib.

Qanuna görə, icra orqanı qadağası olan bilgilərin sayt üzərindən yayıldığını müəyyən edərsə, bu haqda informasiya ehtiyatının sahibinə və provayderə yazılı xəbərdarlıq edə biləcək. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində belə bilgilər internet saytından götürülmədikdə, icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edə bilir.