"Parlaq gələcək" və ya Kəramətin özünəironiyası...

31-03-2016 01:41 / Bu xəbər 2823 dəfə oxundu

Arqument.Az Çinarə Ömrayın ""Parlaq gələcək" və ya Kəramətin özünəironiyası..." yazısını təqdim edir: 

("Parlaq gələcək" haqqında qeydlər) 

Mənim üçün yazarın dil vэ üslubu hər zaman maraqlı olub. Məsələn, Kəramət Böyükçölün bütün yazılarını həvəslə oxuyuram. Çünki onun yazıları adamla söhbət edir sanki. Hansısa mürəkkəb söz birləşmələrindən, ədəbi terminlərdən istifadə etmir. O, fikrini kəskin ironik və yumorla, eyni zamanda sadə bir dillə oxucuya çatdırır. Bu da mənim çox xoşuma gəlir.
 
Bu dəfə Kəramətin "Parlaq gələcək" hekayəsini oxudum. Əslində, hekayə oxumadım, qısa bir filim izlədim - desəm, yanılmaram. Çünki oxuya-oxuya elə bil hadisəni görürdüm. 
 
Hekayədə müəllif bir çox mətləblərə toxunub. Və sətiraltı bir neçə mesaj da çatdırıb. Yəni dövrün məmur və vətəndaşını, gəncliyini ifadə edib. Həqiqətən də, insanın daxilində bütün hisslər var: qürur da, yaltaqlıq da, mütilik də. Lakin zamanı və yeri gəldikdə qeyri-ixtiyari bu hisslər qabarıq ifadə olunur. 
 
Hekayədə məmurların xalqa, millətə, vətənə necə baxmaları da açıq ifadə olunub. Onlar üçün Bakı, sadəcə, oturuqları yerdən görünən gözəl mənzərədən, şüşəli binalardan və göz gəzdirdikcə uzanan, bəzən sakit, bəzən də əsib coşub ləpələrini var gücüylə sahilə çırpan Xəzərdən ibarətdir. Onlar Bakını belə görürlər. Vəzifələri, imkanları, pulları var deyə hər sey gözlərinə gözəl görünür. Onlar üçün günün əsl reallıqları görsənməzdi. 

Müəllifin hekayənin bir yerində deputata deyir: "Sən Allah, dur o kresloda mən oturum, görüm həyat yenə kədərlidir?". 
 
Bu cümlənin ifadə etdiyi mənadan ilk anda elə təəssürat yaranır ki, hekayənin baş qəhramanı müəllifin özüdür. Ancaq sonra aydın olur ki, bu, müəllifin özü deyil, sadəcə, müəllifin özünəironiyasıdır. O, başqalarına deyə bilmədiyi söyüşləri, təhqirləri özünə deyir: "Tüpürüm mənim üzümə", "soxum mənim boyumu yerə ki, bu qədər yaltağam" və s. 
 
Bir sözlə, bilmirsən hekayənin baş qəhrəmanı kimdir. Ancaq mən belə düşünürəm ki, bəlkə də, "Parlaq gələcək"də baş qəhrəman hamıdır. Adama elə gəlir ki, qarşısında oturan gəncin qonşu dükana 5 manat borcu olduğunu, hər dəfə bu pula görə necə əziyyət çəkdiyini bilsəydi, bəlkə də, gülərdi həmin məmur. 
 
Maraqlısı odur ki, o bina, o otaq sanki sehrlənib. Ora girən adi yoxsul bir vətəndaş da həmin o sehrin təsirinə, cazibəsinə düşür və bütün problemlərini unudub var gücüylə vəzifəlinin xoşuna getmək üçün səy göstərir. Hətta özü özünü alçaltmağın fərqində oldugunu anlayıb özünə haqq qazandırmaqdan da çəkinmir. Düşünür ki, bu, belə də olmalıdır.

Müəllif bu yazıyla nəinki məmuru, bir gəncin də hətta qələm sahibi olan, düşünə bilən, yaza bilən, sözünü deyə bilən bir gəncin də bəzən həyatın amansız qaydaları qarşısında aciz qaldığını ifadə edib. Çünki o gah valideyinini, gah ailəsini, bacısını, hətta bacısının ərini də düşünmək məcburiyyətindədir.  
 
Məmurun danışdığı bütün cəfəngiyyatları diqqətlə dinləyir, hətta ondan savadlı və bilgili olduğunun da fərqindədir. O qədər savadlı ki, lazım gəlsə, onun cümlə qurluşunda da yüz səhv tutar. Ancaq bütün bunların fərqində ola-ola yenə də susmağa məhkum, gülümsəməyə məcbur olduğunu da bilir. Buna görə özü-özündən utanır, özünü qınayır da. Nə zaman ki, özündən utanır, tez tanıdığı yaltaq insanları xatırlayır, onların varlığı ilə özünə təsəlli verir: nə olsun, filankəs də belədir və s.  
 
Bir tərəfdən elə bil deputatdan sanki aslı olduğunu anlayır. O, bunu anlaya-anlaya gülümsəyir, məmur isə özündən danışa-danışa özünün yaxşı, işgüzar, dövləti sevən, onun üçün işlər görən biri kimi özünü gənc qələm sahibinə tanıtmağa can atır. Daha doğru desək, özünü yaxşı insan adıyla gəncliyə sırıyır. Gənc isə bunun belə olmadığını açıq şəkildə bilə-bilə, onun bütün mahiyyətini dərk eləyə-eləyə özünü axmaq yerinə qoyub guya inanır. Və qıraqdan özünə, düşdüyü vəziyyətə baxıb özündən nifrət də edir. 
 
Mən bu hekayyəni oxuduqca bir anlıq ağlımda belə bir fikir formalaşdı: sanki kiçik bir insan ayrı bir dünyaya düşüb və bu dünyada bütün insanlar ondan dəfələrlə böyükdürlər. Amma bu kiçik insanın daxili aləmi və beyni bu böyüklərdən minlərcə dəfə böyükdür, lakin vəzifəsi olmadığı üçün düşdüyü bu dünyada hamı ona yuxarıdan aşağı baxır. Və hətta o insan gedərkən böyüklərin onu görə bildiyini, salam verdiklərini, tanıdıqlarını gördükcə daha çox sevinir. Sevincinin həddi-hüdudu olmur. İstəyir, dəfələrlə o böyük insanların yanından keçsin ki, onların bunu görə bildiklərinin sevincini yaşasın. Təbii ki, müəllif burada xalqa yuxarıdan aşağı baxan məmurları, deputat seçilmək üçün min cür yalan vəd verən namizədləri ələ salır, seçiləndən sonra yaltaq seçicini xatırmayan deputatlara ironiya edir. Bu, hekayənin sujeti boyu hiss olunur.
 
Hekayənin ən maraqlı yeri isə sonluğudur. Bir kişinin qadın problemi. Sadə bir vətəndaş, kasıb kişi burada öz ailəsin, öz qadınının dolanışığına görə bu qədər alçalarkən, bu qədər yaltaqlıq simasına girib də sonradan özü-özünə qıraqdan baxıb nifrət edərkən qadın nə düşünür: hansı qızın yanındasan?  Mənə hansı fahişə ilə xəyanət edirsən? Əslində, bir yandan haqlı idi. O, xəyanət edirdi, amma qadınına yox, öz saflığına, öz insanlığına, öz dürüstlüyünə. Həmdə fahişəylə yox, bir məmurla...
 
Hekayə sanki bütün varlığı ilə son cümləyə xidmət edir. Hekayədə sonuncu cümlə olmasaydı, bəlkə də, mətn tamamilə başqa cür yozula bilərdi. 

Sonuncu cümlədə isə əsərin bütün mahiyyəti açılır. Sevgilisi mesaj yazır: "Niyə telefonunu açmırsan, yenə hansı fahişənin yanındasan?"