Partiya sədri naməlum şəxsi yaxaladı, polisə verdi - İqbal Ağazadənin evində olay

Partiya sədri naməlum şəxsi yaxaladı, polisə verdi - İqbal Ağazadənin evində olay

27-11-2019 12:45 / Bu xəbər 825 dəfə oxundu

Ötən gecə naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin yaşadığı evin işığını kəsərək, qaçmağa çalışıb. 

Partiya sədri milliyətcə rus olan bu şəxsi yaxalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə özü məlumat verib.

İqbal bəyin verdiyi məlumata görə, oxşar hadisə bir müddət əvvəl də baş verib:

"Təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsildi, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarıldı. Bununla bağlı hüquq - mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş etdim.

Ərizəmə video görüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.

Ötən gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. (Nunçaku) Müqavimət göstərsə də onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla profesional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə suallara heç bir cavab vermədi.

Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil.

Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq - mühafizə orqanlarına, Xətai rayon 37-ci polis bölməsinə təhvil vermişəm.

Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq.

Hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılması üçün gərəkilən tapşırıq verməsini xahiş edirəm".