Paytaxtda yollar niyə çökür?

Paytaxtda yollar niyə çökür?

05-01-2019 18:02 / Bu xəbər 1177 dəfə oxundu

"Bakida yol çökmələri işin keyfiyyətindən daha çox qrunt sularının sızması nəticəsində baş verir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov belə deyib.

Bakının Nobel prospektində bu günlərdə baş vermən çökmə ilə bağlı Ə.Qaralov vurğulayıb ki, həmin yerdə 2017-ci ildə və 2018-ci ilin sonlarında iki dəfə də eyni hadisə təkrarlanıb.

"Bir səbəb budur ki, həmin yerdən böyük kollektor xətti keçir. Kollektordan sızmalar mümkündür. Daha bir səbəb budur ki, insan amili önə keçib. Yəni, paytaxtda insanlar çoxalır, hündürmərtəbəli evlər artır, bu evlərə su verilir, amma tullantı suların axını yoxdur. Hərə həyətində bir quyu qazdırıb, tullantı sularını ora tökür. Beləliklə, qrunt suları artır və özünə çıxmağa yol axtarır. Harada boşluq varsa orada özünə yer edir”.

Ekspedisiya rəisi deyir ki, Bakıda bütün qrunt suları dəniz istiqamətinə axır: "Həmin qrunt suları da qum qatını yuyur və çökmələr baş verir”

Ə.Qaralov yol çökmələrinə daha bir səbəb kimi hündürmərtəbəli binaların tikintisini göstərib: "Təməl qazılır, beton qatı tökülür, laylar kəsilir, laylar kəsildikdə suların axın istiqamətinə maneələr yaranır. Belə olduqda sular axmağa yer axtarır, nəticədə əvvəlki axarı ilə deyil, "yeni yol” tapır”.

Ə.Qaralova görə, bütün bunları aradan qaldırmaqdan ötrü öncə suyun mənbəyi öyrənilməlidir, bunun təmiz axar su, yoxsa, kanalizasiya suları olması müəyyən edilməlidir.

Ekspedisiya rəisi deyib ki, Abşeron quru zonadır və orada qrunt suları yoxdur: "Haqqında danışılan qrunt suları insan amilinin nəticəsi olan kanalizasiya sularıdır. Həmin sular yerin altından süzülür, torpağı yuyur, ayrı-ayrı yeraltı cığırlar açır, nəticədə güclü axın yaradırlar”

Son illər Bakıda bir sıra yeni təmir edilən yollarda çəkmə hadisələri baş verib. Bu yaxınlarda isə paytaxtın Nobel prospektində dalbadal iki çökmə hadisəsi qeydə alınıb.

Azadlıq Radiosu