Penitensiar xidmət aclıq aksiyasını təkzib edir

Penitensiar xidmət aclıq aksiyasını təkzib edir

15-01-2019 15:02 / Bu xəbər 878 dəfə oxundu

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi heç bir məhbusun aclıq aksiyası keçirmədiyini bəyan edib.

Bu barədə xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi yanvarın 15-də yaydığı məlumatda qeyd olunur.

Penitensiar xidmət aclıq aksiyası barədə məlumatların reallığı əks etdirmədiyini, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıdığını bəyan edir: "Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır”.

Məlumatda deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədi ilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.

Mehman Hüseynovun mühacirətdə yaşayan qardaşı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov "Turan” agentliyinə müsahibəsində bildirib ki, son günlər hakimiyyət Mehmana qarşı yeni cinayət işi ilə bağlı beynəlxalq birliyə dezinformasiya verməyə çalışır.

"Bakıdan Vaşinqtona, Brüsselə və digər paytaxtlara Mehmana qarşı yeni cinayət işinin olmaması və onun aclıq etməməsi ilə bağlı məlumatlar gedir. "Anlaşılmazlıq olub və aradan qaldırılır”, - hakimiyyət bildirir. Bununla da Avropa Parlamenti, AŞPA və ATƏT PA-nın qarşıdakı sessiyalarında qərar qəbulunun qarşısını almağa çalışırlar. Məhz buna görə Aİ ölkələri nümayəndələrinin Mehmana baş çəkməsi təşkil olunmuşdu”, - E.Hüseynov bildirib.

Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı yanvarın 13-də aclıq aksiyasına başladıqlarını bəyan ediblər. 

Məhbusların ictimaiyyətə ünvanladığı birgə müraciətdə deyilir ki, bloger Mehman Hüseynovun başına gətirilənlərdən sonra repressiyalara qarşı birgə müqavimət göstərməyi düşünüblər:

"Mehman Hüseynovun başına gətirilənlərlə bağlı bu gün birlik göstərilməsə, sabah eyni aqibət hamını gözləyəcək. Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə "döyəcəyik”. Mehman və digər hər kəs üçün bugündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq”.

Siyasi məhbus kimi tanınan Qiyas İbrahimovun da aksiyaya qoşulacağı bildirilir. Bu barədə məhbusun anası Şura Əmiraslanova öz "Facebook” səhifəsində məlumat paylaşıb.

Yanvarın 13-də 2 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşdüyünü yazan Şura Əmiraslanovanın sözlərinə görə, Qiyas İbrahimov Mehman Hüseynovun vəziyyətindən narahatdır və bu zülm və haqsızlığa baş əyməmək ucun etiraz forması olan aclıq aksiyasının çıxış yolu olduğunu düşünür.