Penitensiar Xidmətdən Taleh Bağırzadə ilə bağlı açıqlama

Penitensiar Xidmətdən Taleh Bağırzadə ilə bağlı açıqlama

16-02-2019 00:00 / Bu xəbər 1578 dəfə oxundu

Penitensiar Xidmət Qobustan həbsxanasında saxlanılan "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadəyə işgəncələr verilməsi və onun aclıq etməsi barədə məlumatları təkzib edib.

"Turan” agentliyinin məlumatına görə, Penitensiar Xidmət vurğulayıb ki, T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bəzi KİV-ə bildirib ki, onun ərinə təzyiq göstərilir, vəkilləri ilə görüş verilmir, telefon danışıqlarından məhrum edilir və bu səbəbdən uzun müddətdir ki, aclıq edir.

Penitensiar Xidmət bildirib ki, fevralın 12-də həbsxananın rəisi Aftandil Ağayev T.Bağırzadənin atasını və həyat yoldaşını qəbul edib.

"Görüş zamanı onlarla izahedici söhbətlər aparılıb, narahatlığa heç bir əsasın olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, Talehə qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb”, - məlumatda qeyd olunub.

Penitensiar Xidmət bildirib ki, T.Bağırzadə özü vəkillə görüşdən və telefon danışıqlarından imtina edib.

"Qohumlarının narahatlığını anlayaraq həbsxana rəisi Taleh Bağırzadəyə xidməti otağında onlar ilə görüşməsi üçün şərait yaradıb. Lakin məhbus otağa girərkən qohumlarının çıxmasını tələb edib. Rəis narazılığının səbəbini soruşduqda "mən gündəmdə qalmaq istəyirəm, bu, mənim şansımdır” deyib”, Penitensiar Xidmətin məlumatında deyilir.

Bundan əvvəl Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Meydan TV-yə deyib ki, Taleh Qobustan həbsxanasında 14 gündür aclığı davam etdirir.