Pensiyaların artımına münasibət: "Cüzidir"; "Az da olsa, artımdır"

Pensiyaların artımına münasibət:

21-01-2017 18:54 / Bu xəbər 2654 dəfə oxundu

"Bu artım indiki iqtisadi durumda çox cüzi görünür".

Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Natiq Cəfərli prezident İlham Əliyevin minimum əməkhaqqına etdiyi artımla bağlı sərəncamına münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, qanunvericilikdə də rəsmi inflyasiya səviyyəsi qədər indeksləşdirilmə nəzərdə tutulub: "İndi rəsmi inflyasiya səviyyəsində olmasa da, müəyyən dərəcədə atrıma gedildi. Bu artım təbii ki, ölkədəki qiymət artımı fonunda cüzi görünsə də, hökumət problemlərlə əlaqədar kəskin maaş və təqaüd artımına gedə bilmir. Resursları yoxdur ki, hər hansı bir formada maaş və təqaüdləri kəskin artırsınlar. Digər ciddi məsələ də ondan ibarətdir ki, Azərbaycanda statistik məlumatlar doğru-dürüst hesablanmır. Statistika çox təəssüf ki, siyasiləşib. Əgər normal araşdırmalar aparılsaydı, Azərbaycanda illik inflyasiya səviyyəsi indiki rəsmi rəqəmdən bir neçə dəfə yüksək olardı. Hökumətin heç vaxt nəzərə almadığı ikinci böyük məsələ isə ondan ibarətdir ki, Azərbaycanda sosial təminatı zəif olub, minimum əməkhaqqı və təqaüd alanların aldığı vəsaitin tamamına yaxını, böyük bir hissəsi ərzaq məhsullarına yönəlir. Ərzaq inflyasiyasının yüksək olması onların aldığı məhsulların həcminin xeyli azalmasına səbəb olur. Ona görə də bu, bir çox ölkələrdə nəzərdə tutulub. Aztəminatlı təbəqələrə ərzaq inflyasiyası nəzərə alınaraq, müəyyən ödəmə, kompensasiyalar verilir. Azərbaycanda da ən azından indiki ağır iqtisadi durumda bunu nəzərə almaq lazım idi. İstehlak etdiyi məhsullar içərisində ərzaq məhsullarının daha artıq olmasını nəzərə alaraq daha yüksək səviyyəli artım nəzərdə tutula bilərdi. Amma bücədəki problemlər demək olar ki, hökuməti belə addımlar atmağa, maaş və təqaüdləri daha da artırmağa imkan vermir".
 
Vahid Əhmədov: "Az olsa, artımdır"
Картинки по запросу vahid əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov isə minumum əməkhaqqı və pensiyaların sığorta hissəsinə edilən artımı müsbət qiymətləndirdiyini bildirib: "İstənilən artımı müsbət qiymətləndirirəm. Az olsa belə, müəyyən qədər artımdır. Dövlət büdcəsiylə əlaqədar müəyyən problemlər var. Maaşların artırılması ilə bağlı müəyyən vəsaitlər nəzərdə tutulub və mütəmadi olaraq bu məsələyə baxılacaq".

Qeyd edək ki, prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. 

Minimum aylıq əməkhaqqının məbləği, 31 avqust 2013-cü ildən bəri 105 manat idi. 

2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edildi.

Gülzar N. Məmmədli
Toplum.Tv