Pinəçi Ağaların hekayəti: Ekspertiza narkoman olmadığını desə də, 14 il iş veriblər

Pinəçi Ağaların hekayəti: Ekspertiza narkoman olmadığını desə də, 14 il iş veriblər

14-08-2019 12:56 / Bu xəbər 306 dəfə oxundu

Müəllif: Fikrət Fərəməzoğlu
 
(Həbsxana xatirələri)

Zonda Astaranın Zungəleş kəndindən Ağalar adlı biri vardı. Pinəçi işləyirdi. Narkotik satışına görə həbs olunmuşdu. 14 il həbs cəzası almışdı. 

Bu adamın həbsi olduqca gülməli olub. Demək, adam sərhəddə yaxın kənddə yaşadığından dolanışıq üçün qaçaqmalçılıq edib. İrandan siqaret gətirib, o üzə keçəndə də araq aparıb, pula çevirib. And-aman edir ki, həyatı boyu narkotik gətirməyib. Heç istifadəçisi də olmayıb. Ekspertiza da təyin edib ki, o, narkoman deyil. 

Xəstəliyi ilə əlaqədar İrana gedən Ağalar orada xəstəxanada qalıb. Əməliyyat olunması üçün Astaradan sənəd lazım olur. Şəxsiyyət vəsiqəsini əmisi oğluna verir ki, qayıdanda sənədi alıb gətirsin. Əmioğlunu Astara gömrüyündə saxlayırlar. 

Üzərindən heç nə çıxmır. Amma istintaq iddia edir ki, onlarda əməliyyat məlumatı var ki, 10 kq həşiş keçirib Azərbaycana. Əmioğlunun üzərindən Ağaların şəxsiyyət vəsiqəsi çıxdığından onu da axtarışa verirlər və istintaq hesab edir ki, Ağalar da bu işin içində olub. Başqa heç bir sübut olmayıb. 

Elə onun ittiham aktından da aydın görünürdü ki, istintaq sadəcə, fərziyyə və ehtimallara əsaslanıb. Ağalar əməliyyat olunduqdan sonra Azərbaycan tərəfinə keçəndə gömrükdə saxlanılır. Beləcə, əmioğlunu və Ağaları həbs edirlər. Biri 15 il, digəri isə 14 il iş alır. 

Ağaların 14 il iş alması isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakimi söyməsi olub. 

2009-cu ildən həbs olunan pinəçi Ağalar indiyə qədər həbsdədir. İki oğlu hərbi xidmətdə olub. Hər ikisi nümunəvi xidmətlərinə görə, dəfələrlə təltif olunublar. Həyat yoldaşı isə onkoloji xəstədir. 

Təsəvvür edin, Zonda pinəcilik edən Ağalar ayaqqabı düzəltdirən dustaqlardan aldığı 2 manat zəhmət haqqını toplayıb evinə göndərirdi ki, həm ailəsi dolana bilsin, həm də dava-dərman almağa imkanları olsun.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.