Pirat dərsliklərə görə 7 nəfər həbs olunub

Pirat dərsliklərə görə 7 nəfər həbs olunub

01-08-2018 16:11 / Bu xəbər 1874 dəfə oxundu

"Ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaitləri gətirərək satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunazidd əməlləri ifşa edilib".

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin avqustun 1-də yaydıqları birgə məlumatda belə yazılır.

Məlumatda iddia edilir ki, mütəşəkkil dəstə üzvlərinin Dövlət İmtahan Mərkəzinin «Abituriyent» jurnalı redaksiyasının əmtəə nişanlarından qanunsuz istifadə etmələrinə dair əsaslı şübhələr var.

Üstəlik, onların orijinal kitablardan keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının xaricdə nəşr olunaraq Azərbaycana gətirilib satılmasında iştirakına dair şübhələr yaranıb.

Rəsmi açıqlamada habelə vurğulanır ki, baş verənlərlə bağlı 7 şəxs həbs edilib.

Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib. Onlar məhkəmənin qərarı ilə həbs edilib.

Rəsmi qurumlar bildirir ki, Bakı şəhərində əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

«Hazırda qeyd olunan qanunsuz əməlləri törədən şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları və pirat məhsulların dövriyyədən çıxarılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir», - məlumatda yazılıb.

Hələlik bu açıqlamaya həbs edilən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb. Həbs edilən şəxslərin ittihamlara münasibəti açıqlanmır.///azadliq.org