''Polis sinəmdən zərbə vurdu'' - İslam Şıxəli

''Polis sinəmdən zərbə vurdu'' - İslam Şıxəli

01-10-2017 15:08 / Bu xəbər 1699 dəfə oxundu

Jurnalist Lənkərada döyülüb, Bakıya göndərildiyini söyləyir

Sentyabrın 30-da jurnalist İslam Şıxəli Lənkəran rayonunda Aşura mərasimindən reportaj hazırlayarkən yerli polis tərədən saxlanılıb.

Bu barədə Meydan TV-yə danışan jurnalist polislərin onu döydüyünü, üstündə axtarış apardıqlarını, gecəylə Bakıya qaytardıqlarını deyir:

"Mən sentyabrın 30-da Lənkəran Böyük Bazar məscidindən aşura mərasimini çəkirdim, o zaman bir polis mayoru və 3 serjant yaxınlaşıb, işimi dayandırdı. Kimliyimi soruşdular, jurnalist olduğumu söylədim. Məni saxlayanda yerli polis idarəsinin rəisi də ordaydı və şöbəyə aparmaq göstərişini verdi. Şöbəyə çatdıqda serjantlardan biri sinəmdən bir-iki zərbə vurdu, sonra rəisin qəbuluna girdik, o da təhqiramiz şəkildə "burda nə işin var” deyə hədələdi. Ardınca telefonumda axtarış etdilər. Gecə yerli taksilərdən birinə tapşırdılar ki, maşından buraxmamaq şərtilə Bakıya apar. Səhərə yaxın paytaxta çatdım”.

Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən Meydan TV-yə deyilənləri yalanlayıblar: "Yalan söhbətdi. Belə bir hadisə olmayıb. Nəsə lazımdırsa, nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın”. 

İ.Şıxəli 1 saatdan çox qanunsuz saxlanıldığı üçün müvafiq orqanlara şikayət edəcəyini bildirib.   

Oktyabrın 1-i Azərbaycanda Məhərrəm ayının onuncu günüdür. Bu gün Aşura mərasimi keçirilir. Aşura günü ilə əlaqədar olaraq ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı qeyd olunur.