Prezident ABŞ-dan gələn müşavirlə nələri danışdı

Prezident ABŞ-dan gələn müşavirlə nələri danışdı

06-02-2018 18:01 / Bu xəbər 2058 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib.

Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə toxunan prezident İ.Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinə ABŞ-ın verdiyi dəstəyin önəmini vurğulayıb.

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Xəbərə görə, B.Brink də öz növbəsində ABŞ-ın Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycanın 100-dən çox hərbi qulluqçusu Əfqanıstandakı sülhməramlı qüvvələrin tərkibində xidmət edir.

Görüşdə həmçinin, Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi və insan haqlarının qorunması məsələləri ətrafında da müzakirələr aparıldığı bildirilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasındadır. 

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.///azadliq.org