Prezident Adminstrasiyası qarşısında aksiya keçirildi - FOTO

Prezident Adminstrasiyası qarşısında aksiya keçirildi - FOTO

15-05-2017 16:50 / Bu xəbər 1701 dəfə oxundu

Sumqayıt İcra Hakimiyyətinin sifarişi ilə bir sıra obyektdə təmir və abadlıq işləri apardığını iddia edən 40-50 nəfərdən ibarət işçi mayın 15-də Bakıda Prezident Administrasyasının (PA) qarşısında etiraz aksiyası keçirib. 

Etirazçıların Toplum TV-yə verdiyi məlumata görə, aksiyanın əsas məqsədi 10 aydan artıq müddət keçsə də, maaşlarını ala bilməmələri ilə bağlıdır.

Etirazçılardan Simran Aslanov bildirib ki, İcra Hakimiyyətinin sifarişi ilə ötən yay bulvar salıblar, Heydər Parkı, Novxanı yolunda təmir işləri görüblər: "Bu işləri görmüşük. Əslində işləri yarıda saxlamışdıq, amma Sumqayıt Rayon İcra Hakimiyyətindən gəlib dedilər ki, işləri davam etdirin, yarıda saxlamayın,  pullarınız veriləcək, prezident gəlib-gedəndən sonra 1 həftə ərzində bütün pullarınız ödəniləcək. Ona görə də əlavə üç ay işlədik”.

Şikayətçi deyir ki, prezident açılışa gələndən bugünədək 14 dəfə Nazirlər Kabinetində müxtəlif şəxslərlə görüşsələr də, nəticəsi olmayıb: "Sumqayıt icra hakimiyyətindən də bizi qovurlar. Bizə deyirlər ki, həmin pullar Sumqayıt Rayon İcra Hakimiyyətinin balansına oturacaq, onda verəcəyik. Bu proses artıq 11-ci aya keçir”.
 
Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev Toplum.Tv-yə bildirib ki, aksiya barədə heç bir məlumatı yoxdur: "Aksiya və aksiya keçirənlərin tələbləri barədə məlumatım yoxdur. Bu barədə bizdə heç nə deməyiblər". 

Əli Zeynal
Toplum.Tv