Prezident Sahibkarlığa Kömək Milli Fondunu ləğv etdi

Prezident Sahibkarlığa Kömək Milli Fondunu ləğv etdi

01-08-2018 14:43 / Bu xəbər 512 dəfə oxundu

''Yalnız məmur sahibkarlığına dəstək olan Fond bağlansa yaxşıdır''

Prezident İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun ləğv edilməsi haqda fərman imzalayıb.

Fərmana görə, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

İqtisadçı-alim Nazim Bəydəmirli hesab edir ki, Sahibkarlığa Kömək Milli Fondu lazımsız qurumdur, elə bağlansa yaxşıdır:

"Onsuz da zamanında müvəqqəti yaranmışdı. Yalnız "məmur sahibkarlığı”na dəstək verirdi. Kiçik sahibkarlığa kredit veririrdisə də, "şapka” alırdı. Bunu da hamı bilirdi. Nəticədə, hər il büdcədən ayrılan milyonlarla vəsaitin səmərəsiz istifadə edildiyi məlum olurdu”.

İqtisadçı bildirir ki, Fondun yadda qalan yeganə fəaliyyəti TV-də 10-15 min manat nağd pul paylaması olub:

"Baxmayaraq ki, prezidentin nağdsız ödənişlərinin stimullaşdırılması haqqında sərəncamı var idi. Müxtəlif tənqidlərdən sonra bu yığışdırıldı. İndi rayonlardakı icra hakimiyyətləri guya sahibkarlarla görüşlər keçirməsi ilə bağlı PR kampaniya aparır. Orada da məqsəd 5-10 sahibkara 10-15 min manat kredit verib, böyük holdinqlərə 3-5, hətta 10 milyonlarla resurs paylayaraq, "məmur sahibkarlığına” dəstək verməkdir”.

Nazim Məmmədov

N. Bəydəmirli deyir ki, görünür, Fond sədrinin iqtisadiyyat nazirinə müavin getməsi, qurumun publik hüquqi şəxsə çevrilməsinə gətirib çıxardı. Bu da təəssüfləndirici haldır:

"Hesab edirəm ki, sahibkar kreditləri vasitəçilərlə yox, birbaşa, kommersiya bankları vasitəsilə almalıdır. Bunun üçün müəyyən mexanizmlər qurulmalıdır. Əgər dövlətin bu istiqamətdə niyyəti varsa, kommersiya banklarına ucuz faizlə uzunmüddətli resurslar verməlidir. Bütün dünyada bu təcrübə işləyir. Amma Azərbaycanda sahibkarlar banklarla Fondun arasında qalıblar”.///Meydan.tv