Prezident yeni agentliyin yaradılmasına fərman verdi

Prezident yeni agentliyin yaradılmasına fərman verdi

29-12-2017 01:58 / Bu xəbər 1999 dəfə oxundu

Dekabrın 28-də prezident İlham Əliyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə fərman imzalayıb.

Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda olacaq.

Novator.az-ın məlumatına görə, fərmanda deyilir ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, kiçik və orta sahibkarlıq subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi” yaradılacaq. Onların fəaliyyəti "ASAN xidmət” mərkəzləri, "ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Agentliyə Müşahidə Şurası rəhbərlik edəcək. Şuranın 7 üzvü (iqtisadiyyat naziri, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti) olacaq.

Müşahidə Şurasına iqtisadiyyat naziri sədrlik edəcək.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor reallaşdıracaq. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, ölkə prezidenti ilə razılaşdırmaqla, iqtisadiyyat naziri həyata keçirəcək.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi bu vəsaitlər hesabına olacaq: dövlət büdcəsindən ayırmalar, görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər.

Dövlət başçısı yeni agentliyin yaradılması ilə əlaqdar məsələləri həll etmək üçün Nazirlər Kabinetinə, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirliklərinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bir sıra tapşırıqlar verib.