Prezidenti müraciət edən şəxsi ruhi xəstəxanaya salırlar

Prezidenti müraciət edən şəxsi ruhi xəstəxanaya salırlar

14-05-2019 16:49 / Bu xəbər 284 dəfə oxundu

Salyan sakini prezidentə, icra hakimiyyətinə müraciət etdiyi üçün üç dəfə ruhi xəstəxanaya göndərilib

Coşğun Nuriyevin deməsinə görə, hər dəfə xəstəliyi və sosial durumundan şikayətlənəndə, onu Maştağadakı ruhi xəstəxanaya yollayırlar.

Hər dəfə məhkəmədən bildiriş gələndə götürüb getmişəm baş həkimin yanına, soruşuram ki, bu nə deməkdir, məni ruhi xəstəxanaya niyə yerləşdirmək istəyirsiz? Deyir, mənlik deyil, polis rəisinin tapşırığıdır”.

Salyan sakini Coşğun Nuriyevin 32 yaşı var. İllərdir ki, açıq vərəmdən əziyyət çəkir. Onun deməsinə görə, 2015-ci ildə polislər tərəfindən döyüldükdən sonra sağ ciyəri partlayıb, sonrakı müalicələr fayda verməyib və nəticədə açıq vərəmə səbəb olub. Müalicə oluna bilmir, işsizdir, sosial durumu ağırdır. Buna görə də tez-tez Salyan Rayon İcra Hakimiyyətinə kömək üçün müraciət edir. Bir neçə dəfə başçının və müavinlərinin qəbulunda olub, hər dəfə də "bura niyə gəlirsən axı, bura cəmiyyəti deyil, get, hamı kimi, sən də özün başını saxla” cavabı alır. Buna görə də ölkə başçısına müraciət etmək qərarına gəlir. Ancaq deməsinə görə, hər dəfəki müraciətindən sonra onu Maştağadakı 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirməklə cəzalandırırlar.

"Başçı əmr verir ki, tutun dəlixanaya salın”

"Bakıya göndərdiyim şikayət məktubları Salyanın icra hakimiyyətinin başçısına qayıdıb gəlir, o da polis rəisinə tapşırır ki, şikayət etdiyim üçün mənimlə bağlı tədbir görsün. Polis rəisi də rayon mərkəzi xəstəxanasının baş həkiminə tapşırır ki, məni "dəlixanaya” bassın. Baş həkim məhkəməyə ruhi xəstə olmağımla bağlı saxta sənəd göndərir ki, vətəndaş ruhi xəstədir, qeyri-könüllü ruhi xəstəxanaya yerləşsirilsin. Məhkəmə də heç nəyi araşdırmadan qərar çıxarır, harda olsam, tutub basırlar maşına, aparıb atırlar Maştağadakı ruhi xəstəxanaya”, - Coşğun Nuriyev deyir.

Onun sözlərinə görə, bu proses artıq üç dəfə təkrar olunub. Birinci dəfə 2017-ci ildə Maştağadakı Psixatriya Xəstəxanasında 3 ay saxlanılıb. Anası Təranə Nuriyevanın Ombudsmana müraciətindən sonra buraxılıb. İkinci dəfə Salyandakı Ruhi-Əsəb Dispanserində 6 gün saxlanılıb. 6 gündən sonra dispanserin həkimləri onu Maştağadakı Psixatriya Xəstəxanasına götürüblər.

"Polislər yoldan tutub, maşına basıb, dəlixanaya apardılar”

Coşğun Nuriyev danışır:

"Maştağadakı xəstəxanada bir şöbə müdiri var, Orxan həkim, dedi, bunu yenə bura niyə gətirmisiz? Ağlı başında adamları bura niyə daşıyırsız? Bu adam açıq vərəm xəstəsidir, dəli deyil, aparın, aidiyyəti üzrə xəstəxanaya yerləşdirin, adam müalicə olunsun. Məni aparan həkimlər Salyandakı Ruhi-əsəb Dispanserinin baş həkimi Yaşar Kərimova zəng vurdular ki, o özü Orxan həkimə tapşırsın. Orxan həkim ona da eyni sözləri dedi, mənimlə bağlı müsbət rəy yazıb verdi, yola saldı. Həkimlər məni təzədən Salyandakı Ruhi-əsəb Dispanserə qaytardılar. Sabahı gün anam səhər tezdən dispanserə gəldi, həkimə bildirdi ki, bunu ciyərinin qanı ağzından axa-axa hər dəfə tutub gah Maştağaya aparırsız, gah burda saxlayırsız, Ombudsmana yazacam. Həkim dedi, heç yerə yazma, götür apar oğlunu, ancaq tapşır ki, heç yerə yazmasın, o yazdıqca, başçı da bizi sıxışdırır ki, götürün atın onu dəlixanaya…”

Üçüncü dəfə Coşğun Nuriyevin başına eyni hadisə bu ilin fevralında gəlib. Deməsinə görə, fevralın 14-də gecə saatlarında telefonla danışa-danışa yaşadığı evə yaxınlaşarkən polislər onu tutub zorla maşına mindirib birbaşa Maştağadakı Psixatriya Xəstəxanasına aparıblar. Yenə də anasının Ombudsmana şikayətlərindən sonra martın 26-da xəstəxanadan buraxılıb.

"Uyuşdurucu tərkibli iynələr vurub günlərlə yatdırırlar”

Coşğun Nuriyev deyir, hər dəfə ruhi xəstəxanaya yerləşdiriləndə ona ağır, uyuşdurucu tərkibli iynələr vurulur ki, bu, sağlam olmayan səhhətini daha da ağırlaşdırır:

"Hər dəfə aparanda ağır iynələr vurulur, elə təkcə "Aminazin”i vuranda 3 gün yatırdım. Ayılanda özümü olduqca əzgin hiss edirdim, ayağa zorla qalxırdım. Mən Prezindentə müraciət edirəm ki, vərəmdən əziyyət çəkdiyim üçün müalicəmə kömək etsin, bunlarsa hər dəfə mənə narkotik, uyuşdurucu tərkibli iynələrdən vurub ciyərlərimə daha da zərər vururlar, ölümümü tezləşdirirlər”.

Coşğun Nuriyev artıq ölkə başçısına təkcə sosial durumu və müalicə ala bilməməsi ilə bağlı yox, həm də rayonun icra başçısının, polis rəisinin, mərkəzi xəstəxananın baş həkiminin və ruhi-əsəb dispanderinin baş həkiminin ona qarşı etdiklərindən yazır. Bunun nəticəsidir ki, aprelin 15-də o, Salyan Rayon Məhkəməsindən növbəti bildirişi alıb:

"Yaşadığımız ünvana növbəti bildiriş gəlib. Qeyd olunub ki, Salyan rayon Mərkəzi Xəstəxanasının mənim psixatriya stasionarına qeyri-könüllü yerləşdirilməm üçün məhkəməyə yazdığı ərizəyə aprelin 17-də saat 15.00-da baxılacaq. Mənim nümayəndəmin də məhkəmə iclasında iştirakı məcburidir. Təbii ki, getmədim və nümayəndəm də yoxdur, çünki ağlı başında olan adamam, anlaqsız deyiləm. Növbəti dəfə aprelin 24-də poçt şöbəsindən zəng vurub bildirdilər ki, məhkəmədən mənə məktub var, dedim, qəbul eləmirəm, qaytarın məhkəməyə… Hələ ki, məhkəmədən mənə zəng olmayıb. Mənim sözüm cənab Prezidentədir. O, özü illərdir ki, çıxışlarında deyir, hər bir vətəndaşın qarantıdır. Ancaq məmurların prezidentdən çəkinən yerləri yoxdur. Vətəndaş prezidentdən kömək istəyir, məmur həmin vətəndaşı dəlixanaya salmaqla cəzalandırır”.

"Evdən çölə çıxa bilmirəm”

Salyan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Coşğun Nuriyev adında vətəndaş quruma heç vaxt müraciət etməyib, danışdıqlarının icra hakimiyyəti, başçı və müavinlərlə hər hansı əlaqəsi yoxdur. Rayon Polis Şöbəsindən də deyilənlər təkzib olunub: "Ola bilsin ki, məhkəmə qərarının icrasını həyata keçirə bilməyiblər, polisə müraciət olunub, polis də xəstənin yerləşdirilməsi ilə bağlı qanuni tədbir görüb, ancaq kiminsə rəisin sifarişilə ruhi xəstəxanaya salınması nağıldan, iftiradan başqa bir şey deyil”.

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Coşğun Nuriyevin psixi problemləri olmasaydı, əvvəllər onu Maştağadakı və Salyandakı psixatriya xəstəxanalarında stasionar müalicə etməzdilər. Coşğun Nuriyevlə bağlı Maştağadakı Respublika Psixatriya Xəstəxanasından və Salyan rayon Ruhi-Əsəb Dispanserindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Coşğun Nuriyevsə addımını evdən çölə ata bilmir. Deyir, dərmanlarını almaq üçün aptekə də anası gedir. Onda hər an küçənin ortasında qamarlanıb ruhi xəstəxanaya aparılması xofu yaranıb.