"Prezidentin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik" — Siyavuş Novruzov

12-02-2019 14:30 / Bu xəbər 412 dəfə oxundu

"Əfsuslar olsun ki, Prezident İlham Əliyevin atdığı addımları əhaliyə lazımınca çatdıra bilmirik, onların diqqətini bu məsələyə yönəldə bilmirik. Tutaq ki, şəhid ailələri ilə bağlı məsələ. 

Prezident tapşırmışdı ki, bu məsələ araşdırılsın, məsələ araşdırılmadan həlli mümkün deyildi. Həmin insanlarla bağlı problem araşdırıldı və həllini tapdı. Bir qrup ölkəmizin əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışırlar, bu məsələni öz adlarına çıxmağa cəhd edirlər. Guya onlar mitinq keçirdi, Prezident də bu addımı atdı. Hallbuki Prezident İlham Əliyev daha öncədən tapşırıq vermişdi”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

S.Novruzov qeyd edib ki, dövlət başçısı sosial müdafiə ilə bağlı mühüm addımlar atır: "Xaricdə oturub böhtan-şər kampaniyası aparan adamlar minimum əməkhaqlarının artırılması ilə bağlı məsələni də öz adlarına çıxmağa çalışırlar. Deputatlar da seçiciləri ilə görüşlərdə dövlətin atdığı addımları diqqətə çatdırılmalıdırlar. Prezident İlham Əliyev xalqın problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verir. Gənclərin müxtəlif dövlət vəzifələrinə təyinatı dövlət başçısının gənclər siyasətinə önəm verdiyini göstərir. Hər birimiz əsgər kimi bunları ictimaiyyətə çatdırmalıyıq. Bu, dövlətin strategiyasıdır, kiminsə göstərdiyi təzyiqin nəticəsi deyil”. 

"Report”