''Prezidentin müraciəti tapşırıq yox, məhz tövsiyədir'' - Fuad Ələsgərov

''Prezidentin müraciəti tapşırıq yox, məhz tövsiyədir'' - Fuad Ələsgərov

12-09-2017 18:32 / Bu xəbər 1425 dəfə oxundu

Fuad Ələsgərov: ''Aleksandr Lapşinin səhhətində heç bir problem yoxdur, istədiyi zaman İsrailə gedə bilər''

"Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb”. 

Bu sözləri Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov "Azərtac”-a müsahibəsində deyib.

"Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir”, - F.Əsgərov əlavə edib.

Onun sözlərinə görə, əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir: "Bizdə olan məlumata görə, Aleksandr Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər".

Prezidentin köməkçisi barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilən "Turan" İA-nin direktoru Mehman Əliyevin dövlət başçısına şəxsən müraciət etdiyini deyib: "Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq, həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub. Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab prezidentin 2017-ci il 10 fevral tarixli sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb".

F.Ələsgərov sərəncamla verilən tapşırıqların icrası üzrə işlərin bu gün də davam etdirildiyini vurğulayıb: "Bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq prezident tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur".///meydan.tv