Prezidentin qohumuna məxsus şirkətin lisenziyası ləğv edilib

Prezidentin qohumuna məxsus şirkətin lisenziyası ləğv edilib

06-11-2017 20:36 / Bu xəbər 1712 dəfə oxundu

İlham İsmayıl: "Yeri gələndə, İlham Əliyevin əmisi də cəzalandırılıb''

"Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunub. "Qafqazinfo” şirkətin fəaliyyət hüququnun əlindən alındığını yazır.

Şirkətin adı Daxili İşlər Nazirliyi tərəfindən son dövrlərdə qalmaqallı olayda hallanırdı. 

İyunun 8-də, səhər saatlarında "Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən "Safastore” mağazasına gələrək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Azadxan Allahqulu oğlu Xanməmmədovun tapşırığı ilə mağazaya hücum etdikləri bildirilib. Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günədək sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxslərdən - iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib. Digər 11 mühafizəçi isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar. Hazırda onların işinə Binəqədi rayon Məhkəməsində baxılır.

Bu hadisədən dərhal sonra şirkətin fəaliyyəti rəsmi qurumlar tərəfindən dayandırılıb.

Olayı Meydan TV-yə şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırlatdı ki, sabiq prezident Heydər Əliyevin iqtidarı zamanı hakim ailənin gənclərindən biri kafelərin birində şıltaqlıqlar etdiyi üçün həbsinə qərar verilmişdi. Bəzi məsələlər var ki, orada hakimiyyətə yaxın adam zərər vurursa, onları cəzalandırırlar: 

"Yeri gələndə, prezidentin əmisi də cəzalandırılıb. Bu mənada, Daxili İşlər Nazirliyinin "Riyad” Mühafizə Xidmətinin lisenziyasını ləğv etməsi, əlbəttə məsləhətləşdirilib. Bəlkə də, məsləhət verənin özü təşəbbüs qaldırıb ki, bunların məsələsini həll edin, çünki artıq "başağrısı verirlər”. Məlum qərarla "bir gülləylə iki dovşan” vurulub. Bununla da, həm qanunun tərəfində olduqlarını nümayiş etdirirlər, həm də insanlara başa salmaq istəyirlər ki, belə hərəkət edənlərin qarşısını alırıq”. 

İlham İsmayıl

İlham İsmayıl deyir ki, bəzi nazirlərin yaxınlarının törətdikləri daha dəhşətlidir, hətta adam güllələyiblər. Ancaq onlara heç nə etməyiblər: 

"Daxili İşlər Nazirliyinin qərarı Ukraynada daxili işlər nazirinin oğlunun korrupsiya ittihamı ilə həbsi tipindən müqayisə olunmazdır”.

Mühafizə xidməti təklif edən "Riyad” şirkəti Azərbaycan Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, prezident İlham Əliyevin əmisi oğlu, İlqar Aqil oğlu Əliyevə məxsusdur. O, şirkətə öz oğlu Riyad Əliyevin adını verib. Məlumatlarda o da qeyd olunur ki, şirkətə sığorta, dərman, media, təmir-tikinti, əmlak sahəsindəki şirkətlər də daxildir.