"Problem benzinin qiymətində deyil..."

15-07-2017 12:00 / Bu xəbər 2361 dəfə oxundu

"Tarif Şurasının benzinin qiymətini 30%-dək artırması ilə bağlı qərarında təskinlik üçün yazılır: hətta bu qiymət artımından sonra A-92 markalı benzinin qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Problem benzinin qiymətində deyil - A-92 markalı benzinin qiyməti 1.2 manat da ola bilərdi. Əsas məsələ odur ki, bu ölkələrdə insanların yayaşış səviyyəsi, gəlir əldəetmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu?".

Arqument.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev benzinin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib. 

"Bir faktı deyim ki, rəsmi açıqlamada adı çəkilən 3 ölkədə - Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əmək haqqı səviyyəsi orta hesabla Azərbaycandan 2-2.5 dəfə yüksəkdir. Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80%-i rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33% təşkil edir. Bu 3 ölkədə orta aylıq əməkhaqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox A-92 markalı benzin almaq olur - ən vacib məqam bax budur", - iqtisadçı bildirib. 

Onun sölərinə görə, problemin əsas səbəblərindən biri də ölkə iqtisadiyyatının ikirəqəmli inflyasiyadan can qurtara bilməməsidir: "Başqa bir problem də var - devalvasiyadan sonrakı mərhələdə ölkə iqtisadiyyatı ikirəqəmli inflyasiyadan can qurtara bilmir. Enerji daşıyıcılarının qiyməti artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək. Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir..."

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Məsud Turan
Arqument.Az