Prokurorluq polisə çağırılan şəxsin öldürüldüyünü təsdiqlədi

Prokurorluq polisə çağırılan şəxsin öldürüldüyünü təsdiqlədi

27-09-2018 12:13 / Bu xəbər 2315 dəfə oxundu

Qazax rayon sakini Teymur Axundov ötən gecə yerli polis şöbəsində ölüb. 

Bacısının sözlərinə görə, o, ölüncəyədək döyülüb. Buna sübut kimi sosial şəbəkələrdə qardaşının cəsədinin fotosunu paylaşıb. 

Mərhumun bədənində çoxlu qançır izləri olub.

Turan agentliyinin sorğusuna cavab olaraq rayon prokurorluğundan bildiriblər ki, CM-in 123-cü maddəsi (cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) ilə cinayət işi qaldırılıb. Mənbə istintaq sirrinə əsaslanaraq detallı məlumat verməkdən imtina edib.

Öz növbəsində yerli polis şöbəsindən Turan-a bildiriblər ki, T.Axundov söhbət üçün çağırılıb. "Orada halı pisləşib. "Təcili yardım” çağırıblar və xəstəxanaya aparıblar, orada vəfat edib”.

Mərhumun bacısı isə Ülviyə Axundova bildirib ki, qardaşı siqaret almaq üçün küçəyə çıxıb və oradan onu polisə aparıblar. "Mən dərhal onun ardınca polisə getdim, ancaq məni içəri buraxmadılar. Sonra "təcili yardım” gəldi. Bundan sonra xəstəxanadan mənə telefon edərək qardaşımın öldüyünü dedilər”, – o bildirib.

Turan