Prokurorluqda baş redaktora xəbərdarlıq edilib

Prokurorluqda baş redaktora xəbərdarlıq edilib

16-06-2017 18:22 / Bu xəbər 1201 dəfə oxundu

"Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün, iyunun 16-da Baş Prokurorluqda olub.

 O, saytda dərc olunan bəzi yazılarla əlaqədar baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbuluna dəvət edilib.

Jurnalist Azadlıq Radiosuna bildirib ki,o, prokurorluğa vəkili Nemət Kərimli ilə birgə gedib. 

Lakin vəkili Rüstəm Usubovun otağına buraxmayıblar.

M.Hacıbəylinin bildirdiyinə görə, prokurorluq Əfqan Muxtarlının cinayət işi başa çatmamış bəzi məlumatların dərcinin istintaqa xələl gətirdiyini düşünür.

"Söhbət "Əfqan Muxtarlının başına 300 min dollar pul qoyulub?", "Son həbslər və Müsavat", "Əfqan Muxtarlıdan yeni heyrətamiz xəbər" yazılarından gedir.

 Guya həmin yazılarda istintaqın aparılmasına xələl gətirən və ictimaiyyəti çaşdıracaq məlumatlar var", - jurnalist bildirib.

M.Hacıbəyli sözügedən yazıların Gürcüstan mediasına istinadən yayıldığını R.Usubovun diqqətinə çatdırıb.

"Rüstəm Usubov iradları qəbul etmədi. O, Azərbaycanın özünün media haqqında qanunlarının olduğunu və bu qanunlara əməl olunmasının vacibliyini bildirdi2, - jurnalist deyib.

M.Hacıbəyliyə adıçəkilən yazılara görə rəsmi xəbərdarlıq olunub.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

Jurnalist Nicat Əmiraslanov isə Qazaxda fəaliyyət göstərirdi. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası alıb.