Prokurorluğun jurnalistə xəbərdarlıq etmək hüququ varmı?

Prokurorluğun jurnalistə xəbərdarlıq etmək hüququ varmı?

02-03-2017 00:29 / Bu xəbər 1657 dəfə oxundu

Baş Prokurorluq "Azərbaycan 24” xəbər portalının  redaktoru Elgün İbrahimova xəbərdarlıq edib. Səbəb fevralın 24-dən 25-ə keçən gecə cəbhə bölgəsində baş vermiş olayların video görüntülərinin yayılmasıdır.  

"Ölüm faktı dövlət sirri ola bilməz”

"Jurnalistin dövlət sirrini yayıb-yaymadığını məhkəmə müəyyənləşdirə bilər. Jurnalist məlumatı qanunu pozaraq yayıbsa, onun məsuliyyəti məhkəmə qaydasında müəyyən oluna bilər”, - media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin sözləridir. 
Image result for Ələsgər Məmmədli
Ələsgər Məmmədli

O, Toplum TV-yə açıqlamasında jurnalistlərin nəyi yazıb, yazmamaq haqda qərarın özlərinə məxsus olduğunu söyləyib: 

"Prokurorluğun bunu deməsi jurnalistlərin işinə qanunsuz müdaxilədir. Jurnalist həqiqətən də qanunu pozub və qanunsuz şəkildə nəyisə yayıbsa, onun məsuliyyəti məhkəmə qaydasında müəyyən oluna bilər. Jurnalistin dövlət sirrini yayıb-yaymadığını məhkəmə müəyyənləşdirə bilər. Bunun qərarını prokurorluq vermir”.

"Hadisə qanunsuz, uydurma deyil”

Ələsgər Məmmədli deyir ki, jurnalist dövlət sirrini yayııbsa, prokurorluq cinayət işi açmalıydı, xəbərdarlıq etməli deyildi: 

"Jurnalistlər cəbhə bölgəsində həlak olmuş Azərbaycan əsgərlərinə aid görüntüləri yayıblar. Halbuki qısa müddətdən sonra eyni hadisənin mövcudluğuna dair Müdafiə Nazirliyi məlumat yaymışdı. Bildirmişdi ki, 5 nəfərin cənazəsi alınıb və dəfn olunub. Beləliklə, hadisə qanunsuz, uydurma deyil. Ölüm faktı heç bir halda dövlət sirri ola bilməz”.

"Jurnalist görüntü və ya xəbər yaya bilməz”

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə Toplum TV-yə deyib ki, prokurorluğun hərəkətində heç bir qanunsuzluq yoxdur. 
Image result for Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

Onun sözlərinə görə, cəbhə bölgəsindəki hadisələrlə bağlı dəqiqləşdirilməmiş informasiyaları vermək məsələsi 2014-cü ildən bəri aktualdır: 

"2014-cü ilin avqustunda böyük bir toplantı keçirildi. KİV-lərə bu məsələlərdə həssas davranmaları ilə bağlı xəbərdarlıq edildi. Daha sonra Mətbuat Şurası və Müdafiə Nazirliyi ilə birlikdə toplantı keçirildi. Orada bu məsələlərə nə üçün həssas davranılmasının səbəblərinə aydınlıq gətirildi. Hərbi əməliyyatlar zamanı jurnalist görüntü və ya xəbər yaya bilməz. Prokurorluğun hərəkətində heç bir qanunsuz əməl yoxdur, əksinə, hesab edirəm ki, kifayət qədər humanist davranır. Ciddi addımlar atılmamışdan öncə xəbərdarlıq edirlər. Bu da təbiidir”.

Müşfiq Ələsgərli xəbərdarlıq etmədən də tədbirlərin görülə biləcəyini deyir: "KİV-lər bu cür hallardan nəticə çıxartsınlar və diqqətli olsunlar”.

Alya A.