Prokurorun yeni vəziyyətdə vəzifəsi

Prokurorun yeni vəziyyətdə vəzifəsi

09-05-2020 01:26 / Bu xəbər 2468 dəfə oxundu

Mayın 1-də Milli Məclis Kamran Əliyevi Azərbaycanın Baş prokuroru vəzifəsinə təsdiqlədi. Elə həmin gün Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzaladı.Kamran Əliyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Kamran Əliyevdən öncə bu vəzifəni 2000-ci ildən bəri Zakir Qaralov tuturdu.Xeyli vaxtdır sosial mediada Zakir Qaralovun yola salınacağı ilə bağlı fikirlər səsləndirilirdi. Amma həmin posta kimin gətiriləcəyi isə qaranlıq idi. Kamran Əliyevin həmin posta gətirilməsini bir çoxları üçün sürpriz adlandıra bilərik. Amma niyə məhz Kamran Əliyev? Hüquqşünas Cavad Cavadov fikirlərini "ASTNA" ilə bölüşüb.

***

- Cavad bəy, xeyli vaxt idi ki, Azərbaycanda Baş Prokurorun dəyişəcəyi ilə bağlı söhbət gəzirdi.  Amma Zakir Qaralovu elə məhz həmin komandadan olan bir fiqur əvəzlədi. Sizcə, bu dəyişikliklə prokurorluq orqanlarının fəaliyyətində nəsə dəyişəcəkmi?

- Zakir Qaralov 2000-ci  ilin aprelindən  Azərbaycan Respublikasının  Baş Prokuroru vəzifəsində işləyirdi.

O təyin olunan vaxt "Prokurorluq haqqında” Qanunun 16-cı maddəsində  "Eyni şəxsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru,  Azərbaycan Respublikasının hərbi prokuroru vəzifsinə təyin edilmə bilməməsi ilə bağlı” müddəa var idi.
 
Eyni zamanda oxşar  müddəalar Konstitusiyada  Prezident səlahiyyətlərinə, "İnsan hüquqları müvəkkil (Ombudsman) haqqında” Qanuna əsasən insan hüquqları müvəkkilinə münasibətdə də var idi. Sonradan referendumla Konstitusiya dəyişdirildi və ölkə başçısının seçilməsi ilə bağlı müddət məhdudiyyəti aradan qaldırıldı. Ardıcıl  olaraq digər qanunlar,o cümlədən Prokurorluq haqqında qanun dəyişdirildi.

Beləliklə bu dəyişiklik Zakir Qaralovun 4 dəfə Baş Prokuror təyin edilməsinə imkan yaratdı.  Hüquqi baxımdan onun  növbəti beş ilə Baş Prokuror kimi təyin edilməsinə məhdudiyyət yox idi. Lakin bu səlahiyyət, yəni   Baş Prokurorun vəzifəyə təyin etmək səlahiyyəti Milli Məclisin razıılığı ilə Prezidentə məxsus olduğundan başqa namizəd irəli sürüldü.

- Niyə məhz Kamran Əliyev? Onun hansı üstünlükləri var? Və yeni baş prokuror kimi Kamran Əliyevdən nə gözləmək olar?

-Ümumi  kadr dəyişiklikləri fonunda bu təyinat gözlənilən idi. Kamran Əliyevin əvvəlki vəzifəsi Baş Prokurorluq yanında Korurupsiyaya qarşı mübarizə İdarəsnin rəisi idi. Sonradan bu idarənin stutusu daha  da böyüdü və Baş İdarə statusu aldı. Kamran Əliyev Baş İdarənin rəisi olması ilə yanaşı Baş Prokurorun müavini oldu. Bu səbəbdən onun Baş Prokuror vəzifəsinə irəli sürülməsi normaldır. Ümumiyyətlə  müavinin müəyyən müddətdən sonra rəhbər təyin edilməsi kadr təyinatında təşfiq və stimullaşdırma baxımından müsbət yanaşmadır.
 
- Buna qədər Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Onun bu postda fəaliyyətini necə qiymətləndirirsiz? Onun korrupsiyaya qarşı mübarizə ilə bağlı hansısa ciddi fəaliyyəti olubmu?

-Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Prokurorluq haqqında qanuna əsasən hüquqi statusuna görə unikal təşkilatdır və ümumən prokurorluğun konstitusiyon səlahiyyət aşması elementləri də mövcuddur.  Bu onun əməliyyat-axtarış fəaliyyətinə malik olması ilə bağlıdır. Ümumən Prokurorluq Azərbaycan Respublikasının Konstitusiyasında "Məhkəmə hakimiyyəti” bölməsində yerləşir. Yəni prokurorluq  formal olaraq məhkəmə hakimiyyəti hesab   olunur. Bu digər dövlətlərin də Ana yasalarında belədir. Misal üçün qonşu Rusiyada. Konstitusiya hüququ üzrə mütəxəssislərin fikrincə, bu mexaniki yanaşmadır. Yəni bu idarəni digər dövlət hakimiyyətinin qollarına aid emək mümkün olmadığından, məhz daha yaxın məhkəmə hakimiyyətinə aid edilir.  Bununla belə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə prokurorluq orqanı olaraq əməliyyat-axtarış səlahiyyəti verilib. Kamran Əliyev bu idarənin yaranandan hazırki vaxtadək ilk rəhbəri olub. Lakin son duruma baxsaq görərik ki, qalmaqallı, yəni iri ranqlı məmurların həbsini Korrupsiyaya Qarşı Mübarizə Idarəsi deyil DTX, yaxud prokurorluğun digər idarəsi məhşur Ağır Cinayətlərə Dair Işlər üzrə Idarə həyata keçirib. Bura qalmaqallı MTN işi, son icra başçılarının həbsləri aiddir. Yəni funksional təyinatına və texniki imkanlarına görə Korrupsiyaya qarşı Mübarizə Idarəsinin tam potensialı ilə işləməsini söyləyə bilmərik.

- Belə bir versiya var ki, Kamran Əliyevin Baş prokuror təyin olunması ilə Baş prokurorluğun Daxili İşlər Nazirliyindən asılılığı azalacaq və ya belə deyək prokurorluğun fəaliyyətinə nazirlik  müdaxilə edə bilməyəcək. Bu versiyaya inanırsınızmı? Azərbaycanda indiki şəraitdə bunu etmək mümkündürmü?

- Prokurorluq  və Polis haqqında Qanuna əsasən polis üzərində prokuror nəzarəti mövcuddur. Təssüf ki, prokurorluq orqanlarının bu nəzarət mexanizmindən kifayət qədər istifadə etməməsini müşahidə etmişik.  Bəzən isə bu daha da qabarıq özünü göstərib.  Yaranmaqda olan yeni siyasi sitauasiyaya görə toxunulmaz şəxs statusunda olan fiqurların sayları getdikcə azalır. Bu səbəbdən yaxın gələcəkdə bu sahədə də yeni qalmaqallı həbslərin şahidi ola bilərik.
 
- Baş prokurorluq bu vaxta qədər siyasi həbslərdə, eləcə də siyasi cinayət işlərində rolu böyük olan orqanlardan biri olub. Təbii ki,  bütün bunlar Baş prokurorluğun fəaliyyətinə başucalığı gətirməyib və beynəlxalq aləmdə belə onun imicini zədələyib.  Bundan sonra Baş prokurorluğun imicini müsbətə doğru dəyişmək kadr dəyişikliyi ilə mümkündürmü? Və ya yeni Baş prokuror ən azı buna cəhd edəcəkmi?

- Ölkə başçısı bu yaxınlarda heç kim siyasi baxıışlarına görə təqib olunmamalıdır ifadəsini işlətdi. Bu özü-özlüyündə yeni şəraitin yaranmasına dəlalət edir. Qeyd etdiyiniz əvvəlki  təqiblər, həbslər siyasi xarakter daşıyırdı. Ölkə rəsmiləri bunu inkar etsələr də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, Avropa Şurası Nazirlər Komitəsinin qətnamələri bunun əksini sübut etdi.  REAL sədri İlqar Məmmədova münasibətdə Ali Məhkəmənin Pleniumunun son qərarı bu yöndə də müsbətə doğru addımlar olacağına ümid verir. Ölkə başçısı vurğulamışdı ki, biz ölkənin problemlərinin ölkə daxlində həll olunmasını istəyirik. Biz də bunu həmişə  ürəkdən arzu etmişik və bu yöndə real işlərin görülməsini istəyrik.

- Sizcə, Baş prokurorluğun normal fəaliyyət göstərməsi üçün Azərbaycanda hansı addımlar atılmalıdır?

- Konstitusiyon islahat həyata keçirilməlidir. Prokurorluğun  istər istintaq aparması, istintaqa nəzarət etməsi, ittihamı müdafiə eməsi və məhkəmə qərarlarından protest verməsi kimi səlahiyyətləri həddindən artıq genişdir. Prokurorluğun istintaq aparmaq səlahiyyəti götürülməlidir. Eyni zamanda anqlo-sakson hüquq sistemində "plea-bargain” institutu (ittiham tərəfinin müdafiə tərəfi ilə anlaşması) tətbiq edilməlidir. Yeni gəlmişkən, bu institutu Mixail Saakaşvili Gürcüstanda prezident seçiləndən sonra qanunvericiliyə daxil edib və hazırki vaxtadək uğurla fəaliyyət göstərir.  Bütün bunlardan əlavə prokurorluğun normal funskionallığı üçün məhkəmə nəzarəti institutu təkmilləşdirilməli, ümumiyyətlə məhkəmənin real müstəqilliyi təmin ediməlidir. Bütün bunlar isə son olaraq siyasi iradəyə bağlı məsələlərdir.