''Protokoldakı imza Fikrət Fərəməzoğlunun deyil''

''Protokoldakı imza Fikrət Fərəməzoğlunun deyil''

06-12-2016 15:10 / Bu xəbər 1351 dəfə oxundu

Vəkillərin ekspertiza tələbi təmin edilmədi

Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Jam.az" saytının həbsdə olan rəhbəri Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda F.Fərəməzoğlu məhkəmə tərkibinə etirazının olmadığını deyib. Daha sonra F.Fərəməzoğlunun vəkilləri Cavad Cavadlı və Elçin Sadıqov vəsatətlə çıxış ediblər. Onlar maddi sübutların götürülməsi haqqında protokoldakı imzaların F.Fərəməzoğluna məxsus olmadığını deyiblər. Vəkillər həmin imzalarla bağlı ekspertiza keçirilməsini istəyiblər. Zərərçəkmiş şəxslər isə vəsatətin təmin edilməməsini xahiş ediblər. Məhkəmə vəsatəti təmin etməyib.

Proses dekabrın 15-də davam edəcək.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb".

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, ilkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.