"Pulumu aldılar, evimi satdırdılar, hazırda kirayədə yaşayram" - İş adamı

22-02-2018 12:28 / Bu xəbər 1829 dəfə oxundu

İş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfov "Bakı sərnişin nəqliyyat” MMC tərəfindən 1.5 milyon manat vəsaitinin mənimsənildiyini deyir. 

Bu barədə o, tendensiya.com-a məlumat verib. 

Sahibkar problemlə bağlı ölkə başçısına da müraciət edib: "Uzun müddətdir ki, kiçik sahibkar kimi Bakı şəhərində sərnişin daşıma sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Biz marşrut işlədən sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən vaxtı hec bir əngəllərə rast gəlməmişik, həmişə vaxtı-vaxtında dövlətin vergisini ödəyib sərnişin daşıma fəaliyyəti göstərmişik. Lakin bizi Bakı şəhəri İcra Hakimyyətindən alıb Nəqliyyat Nazirliyinin nəzarətinə verdikdən sonra problemlərimiz başladı".

Sahibkar deyir ki, qurumun şöbə rəisi onları pul verməyə məcbur edib: ""Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri, müqavilə şöbəsinin rəisi Yunis Abdullayev, şöbənin işçiləri Elxan Hüseynov və Mais Usubov marşrut xətlərimizi işlətmək üçün bizi məcbur edirdilər ki, onlara pul verək. Onların qanunsuz əməlləri nəticəsində bizim külü miqdarda kredit borclarımız yaranıb, hamımızın əmlakımız və evlərimiz girovdadır. Biz onların dediklərini etmədikdə marşurutu əlimizdən alacaqları ilə hədələyirdilər. Tələb etdikləri pulu almaq üçün reket kimi vaxt qoyurdular. Ona görə də biz məcbur olurduq ki, gedib faizə pul götürüb Yunus Abdullayevə, Elxan Hüseynova, Mais Usubova dediyi pulu ödəyək. Çünki avtobusları biz evlərimizi girov qoyaraq almışdıq. Bir neçə marşrutu, o cümlədən 71 nömrəli marşurutu Yunus Abdullayev, 166 və 186 nömrəli marşurutu Mais Usubov və 132 24, 148 və 198 nömrəli marşrurtları Elxan Hüseynov ələ keçirərək idarə edirdilər. "Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri Yunus Abdullayev, Elxan Hüseynov, Mais Usubov qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda maddi ziyan dəyib. Nəticədə mənə vurulan ziyan 1.500.000 manatı keçib. Bundan 700.000 manat banklara kredit borcum təşkil edir. Onlar mənə evimi də satdırdılar. Bu gün mən ailəmlə kirayədə yaşayıram".

İş adamı ölkə başçısına ünvanladığı məktubda şikayətlərinin nəticəsiz qaldığını deyir: "Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə "baxdılar” və heç bir nəticə olmadı. Belə ki, dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək işin bağlanmasını istədi. Əlbəttə, razı olmadım. Bunlarla "danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə "iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə təqdim etdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa, onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər? 2017-ci ilin iyul ayının 8-də Sizə ünvanladığım müraciətimə aldığım cavabla əlaqədar olaraq 15.08.2017-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olundum. Orada Musa Hacıyev adlı bir məmur tərəfindən qaba bir formada qarşılanaraq təhqir olundum. Elə həmin İdarəyə ünvanladığım müraciətin cavabını bilmək üçün bir daha İdarəyə müraciət edəndə müstəntiq Rəşad İsgəndərov məni qarşılayaraq bldirdi ki, işin araşdırılması mənə həvalə olunmuşdu. Lakin sonra onu məndən aldılar və hazırda kimdə olduğunu bilmirəm”.

Onun sözlərinə görə, dövlət qurumlarının insan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur: "Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar? Mənə elə gəlir ki, Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov şikayət etdiyimiz adamlardan öz şəxsi maraqları üçün istifadə edirərək onlardan rüşvət almaq müqabilində susdurub. Ona görə də problemin həllində maraqlı deyildir. Əksinə, hər cür maneə yaradır ki, düyün açılmasın. Anar müəllim ikili standartlarla işləyir. Vətəndaşların xeyrinə dövlət qanunları mövcud deyil, Anar müəllim öz yazılmamış qanunları ilə hərəkət edir. Dövlət sifarişi zamanı isə Azərbaycan qanunvericiliyi ilə işləyir…”.

A.Nəcəfov deyir ki, dövlət başçısına etdiyi müraciətlərdən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev fevralın 6-da onu  qəbul edib: "Kamran Əliyev məni çox yaxşı qarşıladı. Korrupsiya İdarəsinin işçilərinin mənimlə necə davrandığını onun nəzərinə çatdırdım. İşin obyektiv araşdırılmasını istədim. Kamran Əliyev işin yenidən araşdırılacağı ilə bağlı məni arxayın etdi. Daha sonra Korrupsiya İdarəsindən mənə bildirildi ki, işi araşdırmaq üçün Rəşad İskəndərov adlı əməkdaşa tapşırıq verilib. Fevralın 20-də özüm Korrupsiya İdarəsinə gedib, işlə maraqlandım. Rəşad İskəndərov mənimlə görüşməkdən imtina etdi, guya bunu qanun qadağan edir. Daha sonra növbətçi prokuror Arif Əyyubov məni qəbul edərək bildirdi ki, müraciətim əsasında Rəşad İskəndərovun apardığı araşdırmanın nəticəsi təsdiqini tapmayıb. Daha sonra öyrəndim ki, Rəşad İskəndərov ümumiyyətlə işi araşdırmayıbmış".

Ölkə başçısına müraciət edən sahibkar bu məsələnin ədalətli araşdırılmasını xahiş edir. 

Baş Prokurorluqdan isə məsələyə münasibət bildirilməyib.