Putin Suriyadan qüvvələri çıxarır

Putin Suriyadan qüvvələri çıxarır

11-12-2017 15:34 / Bu xəbər 811 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Suriyaya qəfil səfər edib. 

O, Rusiya hərbçilərinin bu ölkədən çıxarılmasına başlamaq əmri verib. 

Bu haqda Rusiya agentlikləri yazırlar.

"Müdafiə naziri və baş qərargah rəisinə əmr edirəm ki, Rusiya qüvvələrini daimi yerləşmə yerlərinə çəkməyə başlasınlar”, – dövlətə məxsus RİA agentliyi bildirir.

Putin Suriyadakı Hmeimim bazasında hərbçilər qarşısında çıxış edib. O, bazada suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

"Suriyada silahlı banditlərlə vuruşmaq tapşırığı… əsasən həll olunub. Sizi təbrik edirəm!”, – Putin hərbçilərə deyib.

Rusiya Suriyadakı vətəndaş müharibəsində Əsəd hökumətini dəstəkləyib. 

2011-ci ilin martından başlanan müharibədə yüz minlərlə insan həlak olub, milyonlarla adam evindən didərgin düşüb.

Rusiya 2015-ci ilin sentyabrından bu ölkəyə hava zərbələrinə başlayıb və quruda da qüvvələrin sayını artırıb, Əsədi üsyançılardan qoruyub.

Putin 2016-cı ilin martında "hərbi kontingentin əsas hissəsini geri çəkmək” əmri vermişdi, amma bu elandan sonra qüvvələrin sayı elə də azalmadı.