Putin Ukraynaya sanksiyalar tətbiq edib

Putin Ukraynaya sanksiyalar tətbiq edib

23-10-2018 12:58 / Bu xəbər 1231 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı sanksiyaların tətbiq olunması barədə fərman imzalayıb.

Rusiya prezidentinin saytında dərc olunan fərmanda deyilir ki, sanksiyalar Ukrayna tərəfindən Rusiyaya qarşı dost olmayan hərəkətlərə, rəsmi Kiyevin Rusiyanın hüquqi və fiziki şəxslərinə məhdudedici tədbirlərin görülməsinə cavab olaraq tətbiq edilir.

Putin Rusiya hökumətinə tapşırıb ki, barəsində xüsusi iqtisadi tədbirlər görüləcək hüquqi və fiziki şəxslərin siyahısını hazırlasın, tətbiq ediləcək iqtisadi tədbirlərin xüsusiyyətini müəyyən etsin.

Fərmanda göstərilib ki, sanksiyalar yalnız Ukraynanın Rusiya vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılandan sonra ləğv ediləcək.

Krımın Rusiya tərəfindən ilhaqından sonra, Donbasda və Ukraynanın digər ərazilərində separatçı hərəkətləri dəstəkləməyinə etiraz olaraq, rəsmi Kiyev Rusiyanın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Ukraynanın sanksiya siyahısında Rusiyanın 1700-dən çox fiziki, 780-dən çox hüquqi şəxsi var.

"Dojd” telekanalı xəbər verir ki, Ukraynaya qarşı sanksiyaların tətbiq edilməsi məsələsi Rusiyada 2014-cü ildən gündəlikdədir.